Beynəlxalq Muğam Mərkəzində “Yeni romanslar”adlı konsert keçirildi
Beynəxalq Muğam Mərkəzində oktyabrın 17-də Azərbaycan Televiziyası Mədəniyyət kanalının layihəsi olan romans müsabiqəsinin qaliblərinin konserti keçirildi.Tədbirdə Mədəniyyət kanalının təşkilatçılığı və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə bu ilin iyun ayında start verilən romans janrı üzrə müsabiqənin qaliblərinin nəticələri bəlli oldu.
Tədbirdə Azərbaycan Televiziyası Mədəniyyət kanalının direktoru Ramil Qasımov çıxış edərək yeni nəsil bəstəkarlarının yaratdığı romansların gələcək nəsil üçün önəmindən söhbət açdı və belə bir layihənin gənc bəstəkarlar üçün böyük örnək olduğunu qeyd etdi.
Sonra Əməkdar incəsənət xadimi,sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Elnarə Dadaşova çıxış etdi.
Tədbirdə “Yeni romans” müsabiqəsinin qalibləri Əməkdar artist İlahə Əfəndiyeva, Gülnaz İsmayılova,İnara Babayeva,ifaçılar Zemfira İsmayılova, Fəxri Kazım Nicat, Bəsti Qasımova, Ərəstun Quliyev,Atəş Quliyev, Aynur İskəndərli, Sevda Rəhimova tamaşaçılar qarşısında çıxış etdilər.
Konsertdə bəstəkarlardan Elvin Quliyevin “Gəlmişəm”, Sevinc Əliyevanın ”Dəniz”, Azər Dadaşovun “Sevdinsə”, Nazim Paşanın “Ah bu məhəbbət”, Toğrul Salmanovun “Gecənin sonsuzluğunda”, Məmməd Cəfərovun “Nə qədər ki…”, Qumru İmamverdiyevanın “Mənim eşqim”, Tamilla Əhədovanın “ Səni unutsam”, Lalə Cəfərovanın “Bu gecə” əsərləri səsləndi.
İfaçıları Xəzər Universitetinin kamera orkestrı müşayiət edirdi. Orkestrin bədii rəhbəri professor Zülfiyyə Sadıqova idi.
Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə də muğamsevərlərə bir neçə möhtəşəm layihələr təqdim edir ki, onlardan biridə “Muğam axşamları” dır.
“Muğam axşamları” nın növbəti konserti 1 noyabr saat 19:00 da keçiriləcəkdir. Gecədə Orta-Mahur və Rahab muğamları səslənəcək. Biletləri şəhərimizin kassalarından, Asan xidmət mərkəzlərindən və online iticket.az saytından əldə etmək olar.
Frame.az