“BIHE 2016” sərgisi: regionun səhiyyə sahəsində nüfuzlu tədbir
19 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 22-cı Azərbaycan Beynəlxalq Səhiyyə “BIHE 2016” sərgisi öz işinə başladı. “BIHE 2016” sərgisi ilə paralel olaraq daha iki tədbir – 11-ci Azərbaycan Beynəlxalq Stomatologiya “Stomatology Azerbaijan 2016” və 10-cu Yubiley Azərbaycan Beynəlxalq Gözəllik və Estetik Tibb “Beauty Azerbaijan 2016” sərgiləri keçirilir. Tədbirin təşkilatçısı qismində Iteca Caspian və onun Böyük Britaniyalı tərəfdaşı ITE Group şirkətləri çıxış edirlər.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Elsevər Ağayev qeyd etdi ki, regionun ən böyük səhiyyə tədbiri olan “BIHE” sərgisi bu sahədə əsas tədbir olub və bu vəzifəni indi də uğurla icra edir. Tədbir səhiyyə sahəsinin peşəkarları arasında ünsiyyəti təmin etməklə yanaşı, səhiyyə sektorundakı yeni məhsul, müalicə metodları və aparıcı texnologiyaların nümayiş etdirilməsi baxımından da ideal məkandır. Hər il sərgi iştirakçılarının sayı durmadan artır. Azərbaycan, Belçika, Çexiya və Tunis şirkətlərinin də yer aldığı builki sərginin debütantları sərgi iştirakçılarının 30%-ni təşkil edir.
Belarus Respublikası səhiyyə nazirinin müavini Valeriy Şevçuk, Azərbaycan Stomatologiya Assosiasiyasının prezidenti Rəna Əliyeva və “TURSAB” təşkilatının sərgilər üzrə direktoru Sevinc Ozkan Divrikli öz çıxışlarında iyirmi ildən artıq müddət ərzində praktiki səhiyyə üçün innovativ məhsulların təbliği məqsədi ilə yeni imkanlar yaradan sərginin qazandığı uğurların əhəmiyyətini qeyd ediblər. Bu mötəbər, beynəlxalq miqyaslı tədbir təcrübə mübadiləsinə uğurla xidmət edir, tibbi texnika və avadanlıqlar, eləcə də dərman vasitələrinin istehsalçılarını, səhiyyə sahəsində fəaliyyət göstərən peşəkarları, o cümlədən ölkənin dövlət strukturları və biznes dairələrinin nümayəndələrini cəlb edir.
Iteca Caspian şirkətinin icraçı direktoru Fərid Məmmədov qonaqların diqqətinə çatdırdı ki, “BIHE 2016” sərgisində dünyanın 20 ölkəsini, o cümlədən Azərbaycan, Almaniya, Çin, Çexiya, İtaliya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən 121 şirkət iştirak edir. Ümumilikdə, xarici eksponentlər sərginin ümumi iştirakçılarının 60%-ni təşkil edir.
“BIHE 2016” sərgisində aşağıdakı sektorlar təqdim olunur: tibbi və laboratoriya avadanlıqları, istehlak məhsulları, dərman preparatları, tibbi alətlər, farmakoloji avadanlıqlar. Builki sərginin fərqləndirici cəhətlərindən biri farmakologiya sektorunun inkişaf etməsidir. Şirkətlər bu sektor çərçivəsində farmakologiya, farmakoloji zavodların istifadəyə hazır şəkildə tikintisi üzrə avadanlıq və texnologiyaları təqdim edir.
Sərgidə xarici istehsalçılarla yanaşı, dünyanın nəhəng istehsalçıları ilə tərəfdaşlıq edən tibbi avadanlıqların yerli distribyutorları da iştirak edirlər. Yerli distribyutorlar arasında “Besan”, “BTL Industries AZ”, “Labservis” və digər müəssisələr var.
Bu il xaricdə müalicənin təşkili ilə məşğul olan 20-dən artıq klinika və şirkəti bir araya gətirən “Tibbi turizm” sektoru bir daha təqdim olunur. Bunların arasında Belarus, Almaniya, Latviya, Türkiyə, Çexiyanın klinika, sanatoriya və müalicə ocaqları yer alır. Artıq ardıcıl olaraq ikinci ildir ki, “Tibbi Turizm” sektoru Türkiyə Turizm Agentlikləri Assosiasiyası (“TURSAB”) tərəfindən dəstəklənir. Xarici klinika və yerli turizm şirkətləri üçün seminarın keçirilməsi iş adamlarının tibbi turizm sahəsinə artan marağının göstəricisi olacaq.
“Stomatology Azerbaijan 2016” sərgisinin iştirakçıları yeni stomatoloji avadanlıqlar və istehlak materialları, implantologiya və dişlərin ağardılması sahəsində ən son texnologiyaları, ağız boşluğunun gigiyenası üçün vasitələri təqdim edən “Johnson&Johnson”, “DRC group” (“R.O.C.S” brendi), “Piave” və “Henan Biou Medical Devices Co.,Ltd” şirkətləridir.
Bu il Yubiley “Beauty Azerbaijan 2016” sərgisi dünyanın 11 ölkəsini təmsil edən 35 şirkəti bir araya toplayıb. Bu şirkətlər peşəkar kosmetik məhsullar, gözəllik salonları üçün avadanlıqların geniş spektri, kosmetoloji aparatlar və bir sıra digər məhsulları təqdim edirlər. İtaliyanın kosmetoloji şirkətləri böyük qrup şəklində sərgidə iştirak edir. Builki sərginin yenilikləri arasında Almaniyadan salon ləvazimatları, Yaponiya və Koreyadan Asiya kosmetikası və bir sıra digər məhsullar yer alır. İlk dəfə olaraq, “Beauty Azerbaijan” sərgisində Taylandı təmsil edən şirkətlər də iştirak edir. Bu şirkətlər dekorativ kosmetika, saç və dırnaqlara qulluq vasitələri, eləcə də SPA məhsulları ilə ziyarətçilərin diqqətini cəlb edəcək.
Sərgi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Stomatologiya Assosiasiyası (ASA), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə keçirilir.
Frame.az