EventsIqtisadiyyatTəqdimat

Binəqədi və Sabunçu rayonlarındakı yaşayış massivləri optik telekommunikasiya xidmətləri ilə təmin edilir

“Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”) paytaxtın Binəqədi və Sabunçu rayonlarındakı yaşayış massivlərini optik telekommunikasiya xidmətləri ilə təmin etməyə başlayıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Frame.az-a bildirilib ki, “Evədək optika” layihəsi çərçivəsində Biləcəri qəsəbəsində yerləşən “Motodrom” yaşayış massivində 1300 nömrə tutumlu şəbəkə qurulub. Artıq 700-dən çox mənzilin genişzolaqlı xidmətlərə qoşulması təmin edilib, mövcud mis xətlər üzərindən rabitə xidmətləri alan 300 mənzil yeni şəbəkəyə keçirilib.

Əlavə olaraq Biləcəri qəsəbəsinin Xudadat bəy Məlikaslanov küçəsində fiber-optik xətlərin çəkilişi üzrə ikinci mərhələyə başlanılıb. Sözügedən küçədə sakinlərin rabitə xidmətləri ilə təmin edilməsi üçün 2000 nömrə tutumlu optik şəbəkə qurulub. Hazırda bu ərazi üzrə müraciətçilərin keyfiyyətli telekommunikasiya xidmətlərinə qoşulması istiqamətində işlər görülür.

Ümumilikdə Binəqədi rayonunun Biləcəri qəsəbəsi bütünlüklə “Evədək optika” layihəsinin əhatə dairəsinə daxil edilib. Ərazidə 10 min nömrə tutumlu genişzolaqlı şəbəkənin mərhələli şəkildə istifadəyə verilməsi nəzərdə tutulub.

“Baktelecom” tərəfindən sözügedən layihənin icrası Sabunçu rayonunun Balaxanı, Maştağa, Kürdəxanı və Nardaran qəsəbələrində də davam etdirilir. Ümumilikdə bu ərazilərdə yaşayan sakinlərin genişzolaqlı rabitə xidmətləri ilə təminatı üçün 1500 nömrəlik optik xətt şəbəkəsinin inşası həyata keçirilir.

Artıq Balaxanı qəsəbəsində müasir telekommunikasiya xidmətlərinin göstərilməsi üçün 400 nömrə tutumlu infrastruktur qurulub. Qəsəbənin Həsən Əliyev küçəsində 200-dək mənzildə telekommunikasiya xidmətlərinə qoşulma işlərinə başlanılıb. 2021-ci ilin sonunadək Sabunçu rayonunda yaşayan sakinlərin istifadəsi üçün müasir standartlara cavab verən 15 min nömrə tutumlu xətt şəbəkəsinin tikintisi başa çatacaq.

Qeyd edək ki, layihə icra olunan bütün ərazilərdə optik telekommunikasiya şəbəkəsi qurularkən gələcəkdə sakin artımı ehtimalı nəzərə alınıb.

Məlumat üçün bildirək ki, “Evədək optika” layihəsi çərçivəsində Bakı və ətraf ərazilərdə 230 min istifadəçi tutumlu optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 min mənzilin müasir standartlarla optik xidmətlərə qoşulması təmin edilib. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir optik xətt üzərindən təqdim etməyə imkan yaradır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!