Birdəfəlik plastik qablardan imtina və alternativlərdən istifadə mövzusunda görüş keçirilib
Qadağan olunan birdəfəlik plastik qablardan imtina və alternativlərdən istifadə mövzusunda Ekologiya və Təbii Sərvətlər Nazirliyində iri marketlər şəbəkəsinin nümayəndələri ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Frame.az-a bildirilib ki, görüşdə iyulun 1-dən birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların istehsalı, idxalı, satışının qadağan edilməsi və qadağan olunan birdəfəlik plastikləri əvəz edən alternativlərdən istifadənin genişləndirilməsi ilə bağlı mövcud vəziyyət müzakirə edilib.
Bir sıra marketlərdə qadağan olunan birdəfəlik plastik məhsulların və qalınlığı 15 mikrona qədər olan polietilen torbaların əvəzləyicilərinin satışının həyata keçirildiyi və artıq müxtəlif şirkətlər tərəfindən alternativlərin istehsalına başlandığı barədə məlumat verilib.
Qeyd olunub ki, ölkəmizdə bir neçə ildir plastikləri əvəzləyən məhsulların idxalı, istehsalı və satışı ilə bağlı sahibkarlar tərəfindən işlər görülür və qadağan olunan birdəfəlik plastik qabları əvəz edən alternativ məhsul istehsalçılarının sayı artmaqdadır.
Yekunda marketlər şəbəkəsinin əməkdaşları ətraf mühitin mühafizəsində, əhalinin sağlamlığının qorunmasında maraqlı olduqlarını, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərə geniş dəstək verməklə qadağan olunan birdəfəlik istifadə üçün nəzərdə tutulan plastiklərin tam olaraq satışdan çıxarılacağını, alternativlərlə əvəz olunacağını bildiriblər.