MədəniyyətTeatr

Böyük Teatrda Elçin Əzizovun iştirakı ilə “Traviata” operası oynanılacaq

Azərbaycanın Xalq Artisti, Böyük Teatrın solisti, çoxsaylı mükafatların sahibi, bariton səsli Elçin Əzizov Moskva teatrının səhnəsində Cüzeppe Verdinin “Traviata” operasında Jorj Jermon partiyasını ifa edəcək.

Frame.az Böyük Teatrın rəsmi saytına istinadla xəbər verir ki, tamaşa noyabrın 1,3 və 5-də oynanılacaq.

Oğul Aleksandr Dümanın “Kameliyalı qadın” romanının motivləri əsasında bəstələnmiş operanın librettosunu Françesko Mariya Piyave yazıb. Səhnə əsərinin quruluşçu dirijoru Loran Kampelloni, quruluşçu rejissoru Françeska Zambello, ikinci rejissoru Yuliya Pevzner, quruluşçu rəssamı Piter Con Devison, geyim üzrə rəssamı Tanya MakKallin, işıq üzrə rəssamı Mark MakKallof, baş xormeysteri Valeri Borisov, xoreoqrafı Yekaterina Mironovadır. Xatırladaq ki, tamaşanın premyerası 2012-ci il oktyabrın 7-də baş tutub.

Elçin Əzizov vokalçıların Bülbül adına III Beynəlxalq müsabiqəsinin laureatı (IV mükafat, Bakı, 2005), Beynəlxalq Musiqi Xadimləri İttifaqının medalının sahibi (Moskva, 2006), opera artistlərinin Qalina Vişnevskaya adına II Beynəlxalq müsabiqəsinin laureatıdır (II mükafat, Moskva, 2008).

Həmyerlimiz Moskva Beynəlxalq Musiqi Evi, Moskva Konservatoriyasının böyük salonu, P.İ.Çaykovski adına Konsert Salonu (Rusiya), Varşava Filarmoniyası (Polşa), Seul Konsert Sarayı (Koreya Respublikası), Birminhem Simfonik Hollu (Böyük Britaniya), Paris Filarmoniyası (Fransa), Kennedi Mərkəzi (ABŞ, Vaşinqton), Linkoln Mərkəzi (ABŞ, Nyu-York) kimi məşhur salonların səhnələrində çıxış edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!