Idman

Bu gün Argentinada Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına start veriləcək

Oktyabrın 6-da Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına start veriləcək. Olimpiadada 206 ölkədən 4 mindən artıq idmançı iştirak edəcək. Oyunlarda Kosovo və Cənubi Sudan ilk dəfə çıxış edəcəklər. Olimpiadanın Bakı vaxtı ilə gecə saat 1-də başlayacaq açılış mərasimində əvvəlki illərdən fərqli olaraq atletlərin paradı keçirilməyəcək.

Frame.az xəbər verir ki, Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunacaq. İdmançılarmız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.

“Buenos-Ayres 2018”ə idmançılarla yanaşı, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri və digər rəsmilər yola düşüblər.

Ölkəmiz 2010-cu ildən bəri Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak edir.

Oyunların cədvəlinə rəsmi olaraq dörd idman növü əlavə edilib. Bunlar dırmanma, karate, idman rəqsi və təkərli konkisürmə idman növləridir. “Buenos-Ayres 2018”də iştirak edəcək idmançılar 15-18 yaş kateqoriyasına daxildir və bu Oyunlar gender bərabərliyinin qorunması ilə fərqlənir.

Yeniyetmələrin III Olimpiya Oyunlarının keçirilməsi əsasən dörd ərazi üzrə planlaşdırılıb. Bunlar Urban, Yaşıl, Teknopolis və Olimpiya parklarıdır. Yeniyetmələrin Olimpiya Oyunlarına daxil olan idman və yaşayış qurğularının ümumi sayı 16-dır.

Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən atletlər

Səməd Məmmədli “Buenos-Ayres 2018”də Azərbaycanı idman gimnastikası yarışlarında təmsil edəcək. O, Oyunlara lisenziyanı Bakıda keçirilmiş idman gimnastikası üzrə beynəlxalq turnirdə əldə edib. S.Məmmədli 2015-ci ildə Türkiyənin Konya şəhərində keçirilən beynəlxalq turnirdə gimnastika atı, sərbəst hərəkətlər və paralel qollarda qızıl medal qazanıb. İdmançımız cari ildə Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan yarışda çoxnövçülük, gimnastika atında qızıl, dayaqla tullanmada gümüş, paralel qollarda isə bürünc medal əldə edib. Həmçinin 2018-ci ildə Berlində keçirilən beynəlxalq yarışda dəstəli at və paralel qollarda birinci olub.

Yelizaveta Luzan Azərbaycanı bədii gimnastika yarışlarında təmsil edəcək. İdmançı Oyunlara vəsiqəni Moskvada keçirilmiş lisenziya xarakterli yarışda əldə edib. O, Bakı çempionatının və Azərbaycan birinciliyinin qalibidir. Həmçinin “GymBala” beynəlxalq turnirində topla yarışlarda birinci olub.

Boksçu Nicat Həsənov Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziyanı İtaliyada keçirilən Avropa çempionatında əldə edib. O, Avropa birinciliyinin gümüş mükafatçısıdır.

Nurlan Səfərov (60 kq) da “Buenos-Ayres 2018”də boks yarışlarında gücünü sınayacaq. O, olimpiadaya lisenziyanı İtaliyada keçirilən Avropa çempionatında əldə edib.

Vüqar Talıbov Azərbaycanı Olimpiadada cüdo yarışlarında təmsil edəcək. O, Oyunlara lisenziyanı Çində keçirilmiş açıq Asiya kuboku yarışlarında bürünc medala yiyələnərək əldə edib. Vüqar Talıbovun digər uğuru 2018-ci ildə keçirilmiş Avropa kubokunda qızıl medala sahib olmasıdır.

Cüdoçu Vüsalə Kərimova (44 kq) Olimpiya Oyunlarına vəsiqəni Tunisdə keçirilmiş Afrika kubokuna sahib olaraq əldə edib. O, həmçinin 2017-ci ildə Litvanın Kaunas şəhərində təşkil olunan Avropa çempionatının qızıl medalçısıdır.

Lalə Rzazadə “Buenos-Ayres 2018”də ağırlıqqaldırma idman növündə 58 kiloqram çəki dərəcəsində körpücük üzərinə çıxacaq. O, Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziyanı “wild-card” əsasında qazanıb. Lalə Azərbaycan çempionu və beynəlxalq yarışların iştirakçısıdır.

Tamerxan Babayev ağırlıqqaldırma idman növündə 85 kiloqram çəki dərəcəsində çıxış edəcək. İdmançı olimpiadaya lisenziyanı ötən il Tailandın paytaxtı Banqkokda keçirilən dünya çempionatında əldə edib. Onun idman nailiyyətinə Kosovonun paytaxtı Priştinada keçirilmiş dünya birinciliyi (2017-ci il) və Milan keçirilən Avropa birinciliyi (2018-ci il) daxildir.

Ninq Cinq Argentinada stolüstü tennis idman növündə mübarizə aparacaq. O, lisenziyanı 2017-ci ilin noyabrında Xorvatiyanın Split şəhərində keçirilən Avropa təsnifat turnirində əldə edib. Tennisçi 2016-cı ildə Xorvatiyada keçirilən yeniyetmələr və gənclər arasında stolüstü tennis üzrə Avropa çempionatında şəxsi yarışda ikinci yeri tutub. Həmçinin ötən il Portuqaliyada keçirilən qitə birinciliyində şəxsi yarışlarda qızıl, qoşa yarışlarda gümüş, komanda hesabında isə bürünc medala sahib olub. Cari il Rumıniyada keçirilən gənclərin Avropa çempionatında şəxsi yarışlarda çempion olan tennisçimiz qızlardan ibarət yığmanın tərkibində komanda hesabında birinci, qoşa yarışlarda isə ikinci pillədə qərarlaşıb.

Yu Xinbanq da “Buenos-Ayres 2018”də stolüstü tennis idman növü üzrə yarışlarda iştirak edəcək. O, lisenziyanı martda Tunisdə keçirilən təsnifat turnirində əldə edib.

Rüstəm Məmmədov atletika idman növünün üç təkanla tullanma yarışlarında mübarizə aparacaq. Atletimiz Macarıstanın Gyor şəhərində keçirilən Avropa çempionatındakı çıxışına görə Olimpiadaya vəsiqə qazanıb. Rüstəm Avropa çempionatının bürünc mükafatçısıdır.

Fəxriyyə Tağızadə yeniyetmələrin Olimpiya Oyunlarında Azərbaycanı atletika idman növü üzrə 100 metr məsafəyə qaçış yarışlarında təmsil edəcək. O, lisenziyanı Macarıstanın Gyor şəhərində keçirilən Avropa çempionatında əldə edib. F.Tağızadə Asiya Oyunlarının qızıl medalçısıdır.

Taekvondoçu Cavad Ağayev yeniyetmələrin Olimpiya Oyunlarına (63 kq) lisenziyanı 2018-ci ilin aprelində Tunisin Hammamet şəhərində təşkil olunan lisenziya xarakterli yarışda əldə edib.

Minayə Əkbərova (44 kq) Oyunlarda taekvondo yarışında mübarizə aparacaq. Təmsilçimiz olimpiadaya lisenziyanı apreldə Tunisin Hammamet şəhərində təşkil olunan lisenziya xarakterli yarışda qazanıb.

Şəhanə Nəzərova (43 kq) Oyunlarda qadın güləşi yarışlarında çıxış edəcək. Güləşçimiz lisenziyanı Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa çempionatında qazanıb. Təmsilçimiz 38 kiloqram çəki dərəcəsində dünya və Avropa çempionu, 43 kiloqramda isə dünya və Avropa ikincisidir.

Turan Bayramov (65 kq) sərbəst güləş yarışlarında mübarizə aparacaq. Gənc idmançı olimpiadaya lisenziyanı Skopyedə təşkil olunan Avropa çempionatında əldə edib. Turan Avropa və dünya çempionudur.

Fatimə Alkərəmova Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına üzgüçülük idman növü üzrə lisenziyanı ötən il Sloveniyanın Kranj şəhərində keçirilən yarışda əldə edib. Üzgüçümüz IV İslam Həmrəyliyi Oyunlarının ikiqat bürünc mükafatçısıdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!