Bu ilin ötən dövrü ərzində “Tullantıları tinglərə dəyiş” adı altında 8 aksiya keçirilib
Ölkəmizdə yaşıllıqların artırılmasına, tullantıların sayının minimuma endirilməsinə və təkrar emala dəstək olmaq məqsədilə 2023-cü ilin ötən dövrü ərzində “Tullantıları tinglərə dəyiş” adı altında 8 aksiya təşkil olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Frame.az-a verilən məlumata görə, Sumqayıt şəhəri və Hövsan qəsəbəsində yerləşən “Araz” marketlərdə, Sabirabad rayonu və Lənkəran şəhərində yerləşən “Bazarstore” marketlərdə, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində, 4, 5, 6 saylı Bakı “ASAN xidmət” mərkəzlərində keçirilən aksiyalar zamanı vətəndaşlar tərəfindən ümumilikdə 1063 ədəd işlənmiş batareya, ümumi tutumu 903 litr olan şüşə tullantı təhvil verilib.
Qeyd edilib ki, vətəndaşlar tərəfindən ən çox şüşə tullantı Hövsan qəsəbəsi (190 litr), Lənkəran (316 litr) və Sumqayıt şəhərlərində (180 litr), ən çox işlənmiş batareya isə 6 saylı “ASAN xidmət” mərkəzi (749 ədəd) və Sumqayıt şəhərində (245 ədəd) keçirilən aksiyalar zamanı təhvil verilib.
“Tullantıları tinglərə dəyiş” aksiyası il ərzində davam edəcək və aksiyaların keçiriləcəyi ərazilərlə bağlı elanlar nazirliyin saytında (eco.gov.az) və sosial şəbəkə hesablarında öncədən paylaşılacaq.