“Çin təqvimi üzrə Yeni il @Bakı” adlı silsilə tədbirlərə start verilib

Yanvarın 25-də Çin təqvimi üzrə ağ metal siçan ili başlayır. Bu da həmin 12 illik təqvimin ilk ili sayılır. Bu münasibətlə yanvarın 10-18-də Azərbaycan Milli Xalça Muzeyində “Çin təqvimi üzrə Yeni il @Bakı” (“2020 Happy Chinese New Year@Baku”) adlı silsilə tədbirlər keçiriləcək.

Frame.az xəbər verir ki, Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə həftə ərzində Çin ənənəvi sənət nümunələri üzrə ustad dərsləri və mühazirələr təşkil olunacaq.

Açılış mərasimində çıxış edən muzeyin inkişafı üzrə baş mütəxəssis Aynur Məmmədova bildirib ki, bəşəriyyətə mühüm kəşflər bəxş etmiş Çin sivilizasiyası dünya incəsənətinə böyük təsir göstərib. Çinin Azərbaycandakı səfirliyi və bu ölkənin muzeyləri ilə Milli Xalça Muzeyinin sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran Aynur Məmmədova deyib: “2019-cu ildə Pekindəki Çin Milli Muzeyində, daha sonra isə Haynan şəhərində yerləşən Cənub Çin Dənizi Muzeyində “Ecazkar Asiya – Asiya sivilizasiyaları” sərgisində Heydər Əliyev Fondu və Milli Xalça Muzeyinin kolleksiyalarından Azərbaycan xalçaları və digər dekorativ tətbiqi-sənət nümunələri nümayiş etdirilib. Qürurverici haldır ki, sərgilənən bu nümunələrlə üç milyondan çox insan tanış olub. Bu da Azərbaycan mədəniyyətinin incisi olan xalça sənətinin dünya səviyyəsində təbliği baxımından önəmli hadisədir. Bununla yanaşı, Beynəlxalq Muzeylər Şurasının (ICOM) dəstəyi ilə əməkdaşlarımız mütəmadi olaraq Çin muzeylərində keçirilən muzeyşünaslıq üzrə treninq və konfranslarda iştirak edirlər”.

Baş mütəxəssis, həmçinin qeyd edib ki, tədbirlər çərçivəsində Bakıdakı Konfutsi İnstitutunun müəllimləri tərəfindən Qədim Çin çay mərasimi, fənərlər, ənənəvi açıqcaların heroqliflərlə yazılması və s. maraqlı ustad dərsləri keçiriləcək və Çin dilindən tərcümədə onlara həmin təhsil ocağının tələbələri kömək edəcəklər.

Çinin Azərbaycandakı səfiri xanım Qo Min çıxışında qeyd edib ki, ölkəsi Azərbaycan ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir və bu silsilə tədbirlər də iki ölkə arasında mədəni əməkdaşlıq sahəsində münasibətlərin möhkəmlənməsinə xidmət edir. Diqqətə çatdırılıb ki, Yeni ilin başlanması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Dörd min ildən çox tarixə malik Yeni il bayramı Çində bütün ailənin bir yerdə toplaşması üçün gözəl fürsətdir.

Çində bu hadisənin həm də yaz festivalı adlandığını bildirən diplomat qeyd deyib: “Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələr və ayinlər ilə də zəngindir. İnsanlar yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək növbəti ildə uğurlara yol açır”.

Daha sonra ecazkar ölkənin müxtəlif mənzərələrindən ibarət fotosərgi, videoçarx və ənənəvi bayram atributları əsl Çin Yeni ili ab-havası yaşadıb.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, silsilə tədbirlər hamı, o cümlədən uşaqlar üçün nəzərdə tutulub və iştirak pulsuzdur.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: