“Çovdar” qızıl mədənində Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində (ÇİRES) 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr edilmiş “Risklərin qiymətləndirilməsində informasiya texnologiyalarının rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə icra edilməsi sahəsində maarifləndirmə məqsədilə keçirilən tədbirdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, qurumun Fövqəladə hallar komissiyasının sədri Oqtay Məmmədov, Daşkəsən Rayon İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elmar Əliyev, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Daşkəsən rayon bölməsinin sədri Vasif Hüseynov və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları iştirak ediblər.
QSC-dən Frame.az-a bildirilib ki, tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini O.Məmmədov əhalinin və ərazinin, o cümlədən torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin təhlükəsizliyinin təmin edilməsi üçün mülki müdafiə sahəsində müvafiq tədbirlərin görülməsi, məlumatlılığın artırılması, bu xüsusda idarə və müəssisələrdə vaxtaşırı tədbir və təlimlərin keçirilməsinin vacib və məqsədəuyğun olduğunu qeyd edib. Müvafiq dövlət strukturlarının dəstəyi ilə fövqəladə hallardan mühafizə sahəsində hazırlığın təmin edilməsi istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində Səhmdar Cəmiyyətin fəaliyyətinin təşkil edildiyi bütün obyekt və sahələrdə təhlükəsiz iş şəraitinin təmin olunduğu, işçilərinin sağlamlığının, ətraf mühitin mühafizəsinin uğurla təşkil edildiyi diqqətə çatdırılıb. Görülmüş işlərin müsbət nəticəsi olaraq “AzerGold” QSC-nin fəaliyyətə başladığı dövrdən bu günədək xəsarətsiz ötüşən iş saatlarının miqdarının 3,6 milyon saatdan, onun törəmə şirkəti “Daşkəsən Dəmir Filiz” MMC-də isə bu göstəricinin 1 milyon saatdan çox olduğu bildirilib. Əlavə edilib ki, QSC mədənçilik sənayesində rəqəmsal həllər və innovasiya ekosistemlərinin inkişaf etdirilməsi ilə istehsalat prosesində səmərəliliyin artırılması, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və sağlamlıq tədbirlərinin gücləndirilməsində daim maraqlıdır. Bu məqsədlə QSC-nin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Türkiyənin Metal Sənayeçiləri Birliyini təmsil edən MEXT Texnoloji Mərkəzi ilə fəal əməkdaşlıq münasibətləri mövcuddur.
Daha sonra ÇİRES-də işçi heyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə istifadə olunan mülki müdafiə, yanğından mühafizə və digər texniki təhlükəsizlik vasitələri nümayiş etdirilib, yanğın və qəza-xilasetmə işlərinin aparılması sahəsində texniki təhlükəsizlik qaydalarına dair təlim keçirilib.
Tədbirdə iştirak edən müvafiq qurum və təşkilatların nümayəndələri QSC tərəfindən mülki müdafiə işinin müasir tələblər səviyyəsində qurulmasına diqqət yetirərək, əməkdaşların təhlükəsiz iş şəraiti ilə təmin edilməsi, fövqəladə hallardan qorunması istiqamətində həyata keçirilən tədbirləri müsbət qiymətləndiriblər.
Tədbir mövzu ətrafında müzakirələrlə davam edib.