Covid-19SağlamlıqTəqdimat

“COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb

11 fevral 2022-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə Ümumdünya Xəstə Gününə həsr edilmiş “COVID-19 pandemiyası zamanı mamalıq və ginekoloji problemlərə müasir baxış” mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, tibb xidməti mayoru, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev konfrans iştirakçılarını salamlayaraq Ümumdünya Xəstə Günü barədə ətraflı məlumat verib və konfrans mövzusunun təsadüfi seçilmədiyini qeyd edib. Ginekoloji xəstələr üçün keyfiyyətli tibbi xidmətlərin formalaşdırılmasının səhiyyənin prioritet qəbul etdiyi istiqamətlərdən biri olduğunu qeyd edən İsmayıl Əfəndiyev xüsusilə pandemiya dövründə hamilələrin təkmil tibbi xidmətlərlə təmin edilməsinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Çıxışının sonunda konfransın işinə uğurlar arzu edən İ. Əfəndiyev konfransın işini açıq elan edib.

Konfransın rəsmi açılış hissəsində eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, t.e.d., əməkdar həkim, ürək-damar cərrahı Rəşad Mahmudov, Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar elm xadimi Hicran Bağırovavə Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d. Səadət Sultanova da çıxış edib.

Zoom platforması ilə yanaşı Mərkəzi Gömrük Hospitalının facebook səhifəsi üzərindən də canlı yayımlanan Konfrans rəsmi açılış hissəsindən sonra günün birinci yarısında Azərbaycan Tibb Universitetinin II Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., professor, əməkdar elm xadimi Hicran Bağırova və Avropa Kosmetik və Rekonstruktiv Ginekologiya Cəmiyyətinin prezidenti, professor Ferid Saracoğlunun moderatorluğu ilə “Hamiləlik zamanı COVID-19 infeksiyası” paneli ilə davam edib.

Konfransın günün ikinci yarısındaAzərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d. Səadət Sultanova və Mərkəzi Gömrük Hospitalının Mamalıq-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramovanın moderatorluğu ilə “HamiləlikdəCOVID-19: diaqnostik və müalicə xüsusiyyətləri” paneli və Azərbaycan Tibb Universitetinin I Mamalıq-ginekologiya kafedrasının professoru, t.e.d. Səadət Sultanova və İstanbul Aydın Universitetinin professoru, İstanbul Aydın Universiteti Xəstəxanasının Süni Mayalanma Mərkəzinin rəhbəri Prof. Dr. Banu Aygün Kumbakın moderatorluğu ilə “COVID-19-un qadın reproduktiv sağlamlığına təsiri” paneli ilə öz işinə davam etməsi nəzərdə tutulub.

Proqrama uyğun olaraq 350-dən çox müvafiq ixtisas sahiblərinin onlayn olaraq iştirak etdiyi konfransda gün ərzində ümumilikdə 3 paneldə 11 məruzənin dinlənilməsi planlaşdırılır.

Qeyd edək ki, yüksəkixtisaslı mütəxəssislərin iştirak etdiyi Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Davamlı Tibbi Təhsil üzrə elm və tədris tədbirlərinin akkreditasiya Qaydaları“ əsasında akkreditasiya olunaraq 8 DTT balı ilə qiymətləndirilmişdir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!