EventsFestivallarJazzMədəniyyətTəqdimat

“Daha çox caz, daha çox intellekt” şüarı ilə Bakıda növbəti Beynəlxalq Caz Festivalı keçirilir

Paytaxtımızın ev sahibliyi etdiyi ənənəvi beynəlxalq incəsənət layihələri arasında Bakı Caz Festivalının məxsusi yeri var. Festival hər il müxtəlif ölkələrdən tanınmış caz ifaçı və qruplarını bir araya gətirir.

Mədəniyyət Nazirliyinin də dəstək verdiyi festivalın builki açılışı ölkəmiz üçün əhəmiyyətli bir tarixə, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününə təsadüf etdi. Budəfəki caz bayramı “Daha çox caz, daha çox intellekt” şüarı altında gerçəkləşir. Qız qalasının yaxınlığında quraşdırılan səhnədə “Broadway Express Show”, Kubanın “Yanssel və Los Amiqos”, Türkiyənin “Ercüment Örkut Trio” qrupları,  Afşin Əlizadə, qarmon ifaçısı Seymur Həsənov kimi yerli caz qruplarının çıxışlarını izləyənlər rəngarəng musiqidən böyük zövq aldılar.

Festivalın direktoru Leyla Əfəndiyeva açılış mərasiminin Müstəqillik Günümüzə təsadüf etməsini ikiqat bayram kimi səciyyələndirdi: “Caz Azərbaycanda çox sevilən musiqi janrıdır. Caz musiqidə azadlıq və improvizasiya deməkdir. Açılış mərasimi art proyeksiya ilə başlanır. Bu proyeksiya dünya caz animatorlarını bir araya toplayıb və biz onların işlərini bu gün görəcəyik. Dünyanın tanınmış caz ifaçıları ilə bərabər, yerli caz ifaçılarımızın muğam-caz, caz-rok, etnik caz üslubunda çıxışlarını izləmək imkanımız olacaq. Rain Sultanov və digər cazmenlərimizin yeni layihələri də təqdim ediləcək”.

Qeyd olundu ki, festivalın konsertləri “Landmark”, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, filarmoniyanın Kamera və orqan musiqisi zalında təşkil ediləcək. Caz festivalının gözəçarpan məqamlarından biri də gecə yarısı təşkil edilən “jam-session”dur. Bakı festivalı “Round Midnight” caz kompozisiyasına əsaslanan dünya festival ənənələrini dəstəkləyir. Bu cür təbii meydançalarda həm üslub, həm musiqi istiqamətlərinə görə kulturoloji cəhətdən bir-birinə tam diametral əkslər kəsişir. Bir qayda olaraq, caz musiqiçiləri əvvəllər heç yerdə kollektiv vahid səs yazısında işlətmədikləri melodiyalar əsasında improvizasiya seansları keçirir və intellektual auditoriya üçün eksklüziv musiqi təqdim edirlər. Bu, istənilən səviyyəli musiqiçilər üçün imtahan sessiyası və hər şeydən öncə, Azərbaycan cazmenlərinin potensiallarını nümayiş etdirmələri üçün bir şansdır.

L.Əfəndiyeva sonda vurğuladı ki, builki festivalda bütün musiqi həvəskarları və caz biliciləri üçün gecə yarısı keçirilən sessiyalara giriş sərbəst olacaq.

Bakı Caz Festivalının açılış konserti bir-birindən maraqlı ifalarla davam etdi. Ancaq ən parlaq sürpriz festivalın açılış gününün sonunda təqdim olundu. Qız qalasının üzərinə proyeksiya olunan instalyasiya paytaxtın musiqisevərlərinə xoş əhval bəxş etdi.

Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək festivalın proqramına 25 konsert, ustad dərsləri, seminarlar, cazla bağlı film təqdimatları daxildir. 10 gün müddətində Bakının qaynar caz həyatını “Euronews” telekanalının komandası işıqlandıracaq və dünyanın caz həvəskarlarının diqqəti paytaxtımıza yönələcək.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!