Dekorativ-tətbiqi sənət sərgisi keçirilib-fotolar
İyunun 10-da “Yeni Gallery” Bakı İncəsənət Mərkəzində tanınmış qobelen, qurama sənət ustası Səbirə Qarayevanın əl işlərindən ibarət dekorativ-tətbiqi sənət sərgisi keçirilib.
Frame.az xəbər verir ki, tədbirdə Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədli və Əməkdar İncəsənət Xadimi, professor Kübra Əliyeva çıxış edərək S.Qarayevanın əl işləri barədə məlumat veriblər. Bildirib ki, onun yaratdığı hər bir əşya istər formasına, kompozisiyasına, bədii naxış tərtibatına görə orijinal olub, qədim əcdadlarımızın sənətini xatırlatmaqla bərabər sevinc gətirir. Hazırladığı əşyalarda rənglərin həzin, bəzən də uca səsli melodiyası duyulur.
Qeyd edilib ki, Səbirə Qarayeva geniş fantaziyaya malik bir yaradıcı insandır. Onun yaratdığı dekorativ əl işləri, milli geyimləri bir-birindən kompozisiya müxtəlifliyinə, əksliklərin vəhdətini özündə birləşdirən təzadlı rənglərin harmoniyası, zəngin naxış dekoruna görə fərqlənir.
Digər çıxış edənlər də Səbirə Qarayevanın qurama sənətini yaşatmasından, milli dəyərlərə önəm verməsindən danışıblar.
Bildirilib ki, o öz yetirmələrinə də bu sənətin sirlərini öyrədir.
Qeyd edilib ki, Səbirə Qarayeva bir sıra sərgilərdə iştirak edib və fəxri fərmanlara layiq görülüb.
Sərgidə Səbirə Qarayevanın folklor üslubunda hazırlanmış kiçik və böyük ölçülü milli geyimlər, milli araqçınlar, dekorativ və zilli toxunuşlu xurcunlar, milli xovsuz xalça parçaları ilə yaradılmış divar xalçaları, qurama texnikası ilə hazırlanmış süfrələr, balışlar, mütəkkələr, həmçinin muncuqlar, balıqqulaqları və digər materiallarla işlənmiş portretlər və digər əl işləri nümayiş olunub.