EventsIqtisadiyyatSiyasətTəqdimatƏn SonƏn Son

Dövlət Təhlükəsizliyi Xidmətinin Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şuşa rayon idarəsinin yeni inzibati binasının təntənəli açılışı olub.

Frame.az Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadla xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin kollegiya üzvləri, Şuşa rayon idarəsinin əməkdaşları, digər hüquq-mühafizə orqanlarının və ərazi üzrə qarnizonun yüksək rütbəli zabitləri iştirak ediblər.

Əvvəlcə binanın qarşısında 1992-ci ildə düşmən işğalı nəticəsində üç yaşında ikən ailəsi ilə birlikdə Şuşa şəhərini tərk etməyə məcbur qalmış, hazırda DTX-də xidmət edən leytenant U.Bəylərov Azərbaycanın dövlət bayrağını qaldırıb. Sonra dövlət himni səsləndirilib.

Binanın rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları foyedə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə ehtiramlarını bildirərək abidəsi önünə gül dəstələri qoyublar. İştirakçılar, həmçinin Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik fəaliyyətini, Azərbaycan təhlükəsizlik orqanlarının tarixini əks etdirən fotostendlərə baxıblar.

Tədbir iştirakçıları Azərbaycan Respublikasının hüquq-mühafizə siyasətinin Dağlıq Qarabağ ərazisində uğurla həyata keçirilməsinin növbəti təcəssümü olaraq DTX-nin Şuşa rayon idarəsinin müasir üslubda təmir edilmiş yeni inzibati binasının otaqları və əməliyyatçıların iş şəraiti ilə tanış olublar.

DTX-nin kollegiya üzvlərinin və Şuşa rayon idarəsinin rəhbərliyinin iştirakı ilə keçirilmiş xidməti müşavirədə çıxış edən general-polkovnik Əli Nağıyev bildirib ki, ulu öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan bütün sahələrdə durmadan inkişaf edir, günbəgün daha da qüdrətlənir. Bunun parlaq nümunəsi kimi 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi, xalqın və dövlətin sarsılmaz birliyi nəticəsində rəşadətli Ordumuz torpaqlarımızı düşmən işğalından azad edib, Azərbaycanın çoxəsrlik tarixinin və hərbi uğurlarının yeni şanlı və şərəfli səhifələrini yazıb.

Dövlətimizin başçısı tərəfindən hüquq-mühafizə orqanlarının inkişafına daim diqqət göstərildiyini vurğulayan general-polkovnik Əli Nağıyev DTX-nin Şuşa rayon idarəsinin yeni inzibati binasının istifadəyə verilməsinin də məhz bu qayğının bariz göstəricisi olduğunu qeyd edib. DTX-nin rəisi əməkdaşların məsuliyyətli, eyni zamanda, böyük etimad olaraq Şuşa şəhərində xidmətlərini daha səmərəli və peşəkar təşkil etmələri üçün yaradılan yüksək şəraitə, eləcə də müasir maddi-texniki təminata və təchizata görə Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib.

Xidməti müşavirədə DTX-nin Şuşa rayon idarəsinin şəxsi heyəti qarşısında konkret vəzifələr qoyulub.

General-polkovnik Əli Nağıyev idarənin əməkdaşlarını bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edib və onlara uğurlar arzulayıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Şuşa qarnizonunda xidmət edən hərbi qulluqçularla da görüşüb. Hərbçilərə DTX-nin bayram sovqatları təqdim olunub.

Sonra tədbir iştirakçıları Şuşada qulluq keçən hərbçilər üçün DTX-nin Mədəniyyət mərkəzi tərəfindən məşhur Cıdır düzündə 30 ildən sonra ilk dəfə təşkil olunmuş konsert proqramına tamaşa ediblər.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!