Dövlət Turizm Agentliyi hotelləri pandemiya ilə əlaqədar müəyyən olunmuş tələblərə ciddi riayət etməyə çağırıb
Fevralın 23-də Dövlət Turizm Agentliyi tərəfindən Bakı şəhərində yerləşən hotellərin monitorinqi çərçivəsində mətbuat konfransı keçirilib.
Frame.az xəbər verir ki, mətbuat konfransında Səhiyyə Nazirliyi ilə birgə həyata keçirilən monitorinqlərdə pandemiya dövründə fəaliyyət göstərən hotellərdə işçi heyətin və qonaqların təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan gigiyena və sanitariya tədbirlərinin tətbiq edilməsi səviyyəsi barədə məlumat verilib.
Jurnalistlərin suallarını cavablandıran Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov bildirib ki, Dövlət Turizm Agentliyi olaraq əsas vəzifəmiz insanların səyahətlərinin təhlükəsizliyini təmin etməkdir. O, hotellərin işçi heyətini, eləcə də qonaqları xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə sosial məsafənin gözlənilməsi, dezinfeksiyaedici məhlullar, bütün qapalı və açıq məkanlarda tibbi maskadan istifadə edilməsinin məcburi olduğu barədə bir daha xəbərdarlıq edib və pandemiya ilə əlaqədar müəyyən edilmiş məhdudiyyət və tələblərə ciddi riayət etməyə çağırıb.
Qeyd edilib ki, hotellərdə monitorinqlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 avqust 2020-ci il tarixli 287 nömrəli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında mehmanxanaların fəaliyyətinin təşkili Qaydaları”nın təsdiq edilməsi barədə qərarından irəli gələn tapşırıqların icrasına nəzarət edilməsidir.
Ötən il avqustun 24-dən bu il fevralın 21-dək müvafiq qurumlar tərəfindən ölkədə fəaliyyət göstərən 374 hoteldə ümumi olaraq 11 min 244 sayda monitorinqin aparıldığını və 213 cərimənin tətbiq edildiyini söyləyən K.Qasımov deyib: “Pandemiya dövründə mehmanxanalara sözügedən tələbləri əməl etməkdə dəstək göstərmək məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən fərdi qoruyucu vasitələr (maska, eynək, kombinzon və s.), dezinfeksiyaedici məhlullar paylanılıb, “SAHMAN” proqramı çərçivəsində maarifləndirmə işləri davam etdirilib. Mehmanxana qonaqlarına sosial məsafə və fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı xatırlatmalar etmək məqsədilə divar və döşəməyə vurulmaq üçün 11 müxtəlif kateqoriyanı əks etdirən 4600 ədəd nişan və lövhə çap olunaraq sənaye nümayəndələrinə paylanılıb. Həmçinin hotelləri təlimatlandırmaq və maarifləndirmək məqsədilə təlimlər keçirilib, hotellərə pandemiyaya qarşı karantin tədbirlərinin icrasına məsul şəxslər təyin olunub.
Tədbirlər çərçivəsində Nazirlər Kabinetinin sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması haqda 16 yanvar 2021-ci il tarixli qərarından sonra “Şahdağ” Turizm Mərkəzi və “Tufandağ” Qış-Yay Turizm İstirahət Komplekslərində qonaq sayının çox olması nəzərə alınaraq xüsusi məhdudlaşdırıcı tədbirlər həyata keçirilib”.