IdmanTəqdimat

Dünya çempionu: Bakı küləyi yarışa əlavə rəng qatır

Yarışla bağlı təəssüratlarım yüksəkdir.

Bu sözləri Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatında kişilər arasında 300 metr məsafəyə tüfəngdən üç mövqeyə atəşaçmada qızıl medal qazanan polşalı Masiey Kovaleviç yarışın mətbuat xidmətinə açıqlamasında deyib.

Atlet bildirib ki, Bakı onun üçün heç də yad şəhər deyil: “Əvvəllər də bura gəlmişəm. Çox sevinirəm ki, paytaxtınızda qızıl medal qazandım. Bu, heç də asan olmadı. Amma öhdəsindən gələ bildim”.

Polşanın hərbi tüfəng komandasının üzvü atəş açmağı çox sevdiyini söyləyib: “Atışın növü və məsafəsi mənim üçün elə də əhəmiyyət kəsb etmir. 300 metr məsafədən atəşaçma yarışlarını çox sevirəm. Bununla belə, digər növlərdə də yarışıram”.

Həmin kateqoriya üzrə qadınların mübarizəsində qalib olan norveçli Katrin Lund isə Norveç komandasının, xüsusilə avropalıların uğurlu çıxışı barədə danışıb: “300 metr məsafəyə atəş açmaq çox çətindir. Ötən ildən bu yarışa hazırlaşırıq. Bu kateqoriyada 3 mövqe var. Hər dəfə mövqeyimizi dəyişib hədəfə atəş açırıq. Bu, mübarizəni həm maraqlı edir, həm də çətinləşdirir. Norveçdə 200-300 metr məsafəyə atışlar daha populyardır. Minlərlə insan bu növlə məşğul olur. Mən də bu səbəbdən 300 metr məsafəyə atəşaçmanı seçdim. Bu, digər Avropa ölkələrinə də aiddir. Məhz belə məsafəyə atış üçün poliqonlarımız üstünlük təşkil edir. Atıcıların bu növdə uğur qazanmasının əsas səbəbi budur”.

Yarışın təşkilatçılığından razı qaldığını deyən 29 yaşlı xanım atıcı Bakı küləyinin dünya çempionatına əyləncə qatdığını bildirib: “Yarışda hər şey yüksək səviyyədədir. Narazılıq ediləsi heç bir söz, problem yoxdur. Hər şey mükəmməl təşkil olunub. Burada bizə çətinlik yaradan tək məsələ küləkdir. Amma o da yarışa əlavə rəng, əyləncə qatır. Bakının isti havasını çox sevdik. Şəhəri bu dəfə gəzməyə vaxtım olmadı. Amma çimərliyə getməyə fürsət tapa bildim. Bakıya ilk gəlişim deyil. Əvvəlki səfərlərimdə şəhəri çox gəzmişəm”.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!