MusiqiSosialTəqdimat

Dünya şöhrətli müğənni soydaşımız Sami Yusufdan Azərbaycana dəstək

Böyük Britaniyada yaşayan dünya şöhrətli azərbaycanlı müğənni və bəstəkar Sami Yusuf son günlər Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində cərəyan edən hadisələr, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatla başlanan döyüşlərdə azərbaycanlı hərbçi və mülki şəxslərin həlak olması və yaralanması ilə bağlı sosial şəbəkə hesabından paylaşımlar edərək tarixi Vətəninə dəstəyini ifadə edib.

Görkəmli müğənninin paylaşımında deyilir: “Mən yaralanmış və həlak olmuş Azərbaycan əsgərləri, hərbçiləri və sadə vətəndaşlarına görə dərin hüzn hissi keçirirəm. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığını dayandırmasını istəyirəm və təcili atəşkəs çağırışlarına mən də qoşuluram.

Müğənni Ermənistan tərəfdən Azərbaycanın Tovuz rayonuna hücumları zorakılıq kimi qiymətləndirib. O, “Nyu-York Tayms” qəzetinin saytından (nytimes.com) Ermənistan-Azərbaycan sərhədindəki son hadisələrlə bağlı xəbərdən də paylaşım edərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni silahlı qüvvələri tərəfindən zəbt edildiyini və illərdir davam edən bu vəziyyətin insanların həyat işığının söndürülməsinə səbəb olduğunu vurğulayır.

Müğənni, həmçinin bildirib ki, COVID-19-la üz-üzə olduğumuz dövrdə Ermənistan öz simasını daha aydın göstərdi.

Qeyd edək ki, müğənni soydaşımız bir neçə gündür özünün “Instagram” hesabında üzərində Azərbaycan bayraqları olan #QARABAĞAZƏRBAYCANDIR başlıqlı paylaşımlar edir və bu onun çoxsaylı sosial şəbəkə izləyiciləri tərəfindən rəğbətlə qarşılanır.

Sami Yusufun paylaşımlarına və Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığının dayandırılması barədə çağırışına müxtəlif ölkələrdən çoxlu sayda insanlar qoşularaq həmrəyliyini ifadə edib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!