EventsMusiqiMədəniyyətTəqdimat

Dünyaca məşhur israilli kamança ifaçısının Bakı konsertinə ciddi hazırlıq işləri görülür

Mayın 25-də Heydər Əliyev Sarayında dünyaca məşhur musiqiçi, kamança ifaçısı Mark Eliyahu konsert proqramı ilə çıxış edəcək. Konsert “United Cultures” və “124 Studios”in təşkilatçılığı, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti, “The Landmark” otel və biznes mərkəzi və “My Way Travel”in təşəbbüsü ilə reallaşacaq.

Frame.az xəbər verir ki, mayın 16-da Landmark Biznes Mərkəzində təşkil olunan mətbuat konfransında dünyaca məşhur musiqiçi Mark Eliyahunun yaradıcılığı və onun Bakı konserti ilə bağlı geniş məlumat verilib.

Mətbuat konfransda çıxış edən İsrailin Azərbaycandakı səfirinin birinci müşaviri xanım Avital Rosenberq bildirib ki, belə bir dost ölkədə israilli musiqiçinin konsertini keçirməkdən çox məmnundular. Bildirib ki, Mark Eliyahunu muğama bağlayan kökləri var. Onun babası kamança ifaçısı kimi tanınıb. Bu cür qan yaddaşı musiqiçinin köklərinə qayıdışı deməkdi.

M.Eliyahunun bioqrafiyası haqqında məlumat verən A.Rozenberq onun Azərbaycanda kamança dərsləri almasından danışıb.

Azərbaycan Dövlət Televiziyasının solisti, Əməkdar artist Bəyimxanım Vəliyeva tədbir iştirakçılarını salamlayaraq deyib: “Bizim Markla tanışlığımız ilk dəfə 2009-cu ildə İsraildə keçirilən festival çərçivəsində olub. Orada muğam konserti keçirilirdi. Bundan sonra bizim əlaqələrimiz daha da sıx və davamlı oldu”.

Konfransda çıxış edən Bakı Metropoliteninin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva qeyd edib ki, metro istifadəçisi və “Bakı kart” sahibi olan şəxslər mayın 25-də Mark Eliyahunun Bakıdakı konsertinə 10 dəvətnamə qazanmaq şansı əldə edəcəklər. Bundan başqa, konsertdə bilet əldə edənlər həmçinin Mark Eliyahunun iyunun 25-də İstanbuldakı konsertinə səyahət şansı qazana biləcəklər.

“My Way Travel” şirkətinin biznesin inkişafı meneceri Samirə Həsənzadə bildirib ki, Azərbaycanda keçirilən əksər böyük tədbirlər Bakıda təşkil olunur və regionlarda yaşayan əhali bu cür mədəni çoxrənglilikdən kənar qalır. Bunu nəzərə alaraq “My Way” travel şirkəti “United Culture”, 124 Studios və Mark Eliyahu ilə əməkdaşlıq çərçivəsində Gəncə, Mingəçevir və Qubada yaşayan vətəndaşlarımızı ilin ən vacib konsertinə daha da yaxın edərək, qeyd edilən tarixdə Bakıya – Mark Eliyahunun konsertinə dəvət edir.

“United Cultures” şirkətinin icraçı direktoru Paola Casagrande tədbir iştirakçılarına təşəkkürünü bildirərək qeyd edib ki, konserti ərsəyə gətirmək çox əziyyətli bir işdir. Bu konserti keçirməkdə məqsəd kamança mədəni irsinin daha da çox insanlara təqdim etməkdir. Bu, İsraillə Azərbaycan arasında keçiriləcək konsertlərin hələ başlanğıcıdır. Qeyd edib ki, Heydər Əliyev Sarayından sonra ikinci konsert Landmark Biznes Mərkəzində keçiriləcək. Burada tamaşaçılar Mark Eliyahunu daha da yaxından görüb onunla ünsiyyət saxlaya biləcəklər.

Bildirilib ki, Mark Eliyahu musiqisi poetikliyi və zərifliyinə görə insanı dərhal valeh edir, bu musiqi insanları qorxutmadan özünü bütün orijinallığı ilə göstərir. Bu melodiyalar şübhəsiz ki, Şərq melodiyalarıdır, lakin Qərbə də qapısını bağlamır, əvəzinə gizli xəzinələrə yeni bir baxış açır. M.Eliyahu melodiyaları dərviş rəqsləri kimi insanı valeh edərək təəccübləndirir və dinləyicini əvvəllər heç eşitmədiyi müxtəlif kainatlara apara bilir. Məşhur musiqiçi 20 il öncə görkəmli kamança ustası Habil Əliyevin ifasına qulaq asır. Bundan təsirlənən Mark Eliyahu Bakıya köçür və Ədalət Vəzirovun rəhbərliyi altında kamança dərsləri almağa başlayır. Onun ifa etdiyi kamança birbaşa olaraq Habil Əliyev tərəfindən hədiyyədir. Bu günə qədər o, Habil Əliyevin ona hədiyyə etdiyi kamançada ifa edir.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!