FİFA 22 üzrə ən böyük PS4 turnirinin qalibləri artıq bəllidir!
Bu ilin ən böyük PS4 turniri çərçivəsində futbol həyəcanı stadiondan qapalı məkanlara daşınıb.
Frame.az-ın məlumatına görə, 750-dən çox insanın qeydiyyatdan keçdiyi yarışlardan hər kəs unudulmaz bir təcrübə, ilk 8 yerin qalibi isə müxtəlif hədiyyələrlə ayrıldı.
“Qarabağ Station Club”da keçirilən ilkin mərhələdə rəqabət hissinin hökm sürdüyünü təxmin etmək çətin deyil. Bu yarışların qalibləri final mərhələsinə bilet qazanıb.
Final oyunlarının atmosferi isə tamam fərqli idi — paytaxtımızın simvollarından olan Alov Qüllələrinin ev sahibliyi etdiyi mərhələdə 30-dan çox media üzvü və bloger iştirak edib. “Park Cinema” kinoteatrlarının nəhəng ekranlarında keçirilən, 6 saat davam edən yarışlar hər kəsə stadionda futbol izləməklə oxşar təcrübələr yaşatmağı bacarıb.
Final oyunlarının qalibi Ayxan Əliyev “PlayStation 5”, “Kral Games”-dən FİFA 22 oyunu və “Qarabagh Game Center”-da 1 ay boyunca ödənişsiz şəkildə oyunlar oynamaq şansı qazanıb! O, öz təəssüratlarını bizimlə bölüşərək deyir:
“Həqiqətən də, çətin mübarizə idi. 6 saat davam edən final oyunlarındakı hər kəsin qazanmağa layiq olduğunu düşünürəm. Amma qalib adının məhz məndə olduğu üçün şadam”.
İkinci və üçüncü yerin sahibləri Mustafa Duraid və Tural Həsənov isə qazandıqları FİFA 22 və brend oyun pultu ilə futbol həzzini evdə də çıxarmağa davam edəcəklər!
Qeyd edək ki, ikinci yerin sahibi Mustafa Duraid, əlavə olaraq 1 illik “PS Plus” ilə də mükafatlandırılıb. İlk 3-lükdə yer almağı son anda qaçırmış Kamran İbrahimova da gələcək dəfə qalib olması üçün “Kral Games”-dən FİFA 22 oyunu və 1 kaset Red Bull hədiyyə edilib.
İlk 8 yerin qalibləri əlavə olaraq “Qarabağ Station Club”-dan müxtəlif hədiyyələr əldə edib. Ümid edirik, bu hədiyyələr hər kəsin həm futbol, həm də yarış həvəsini daha da artırar.