Formula 1 Azərbaycan Qran-Pri yarışlarının Uniforma və Akkreditasiya Mərkəzi fəaliyyətini davam etdirir
Aprelin 13-də media nümayəndələri Formula 1 Azərbaycan Qran-Pri yarışlarının Uniforma və Akkreditasiya Mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Frame.az xəbər verir ki, 100-dən artıq könüllünün fəaliyyət göstərdiyi mərkəzdə hər cür şərait yaradılıb. Könüllülər və podratçı şirkətlərin nümayəndələri buraya gələrək qeydiyyat kartını, həmçinin uniformalarını əldə edirlər.
Yarışın könüllülərinə və işçi heyətinə artıq giriş kartlarının verildiyini bildirən Uniforma və Akkreditasiya Mərkəzinin meneceri Rüfət Bayramov bildirib ki, Qran-Prinin bir parçası olmaq istəyən 2500 könüllünün müraciətlərinə burada baxılır.
Qeyd edilib ki, podratçı şirkətlərin dörd minə yaxın nümayəndəsinə giriş kartı və uniforma təqdim olunacaq. Ümumilikdə 13 minə yaxın insanın mərkəzə müraciət edəcəyi nəzərdə tutulur. Uniformalar işçi heyəti, marşallar, könüllülər və podratçı şirkətlərin nümayəndələri üçün təqdim olunur. Bir dəst uniformaya iki mayka, papaq və gödəkcə daxildir.
R.Bayramov deyib ki, aprelin 2-dən fəaliyyətə başlayan mərkəz bu ayın 29-dək açıq olacaq. Trasın yaxınlığında daha iki yardımçı ofis yarış zamanı fəaliyyət göstərəcək. Bu günədək 7 min nəfər mərkəzə müraciət edib.
Qeyd edək ki, mərkəzdə könüllülərin və işçi heyətinin asudə vaxtının səmərəli təşkili üçün də hər cür şərait yaradılıb.