Formula 1 Azərbaycan Qran Prisi könüllülərinin müsahibə mərhələsinə başlanıb

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün qeydiyyatdan keçən könüllülərin müsahibə mərhələsinə başlayıb. 

Cari ilin 19 dekabr tarixindən könüllülərin müsahibələri artıq start götürüb. Növbəti Formula 1 yarışında könüllü qismində çalışmaq üçün müraciət edənlərin sayı ötən il ilə müqayisədə 20 faizə yaxın artaraq 9500 nəfər təşkil edib. Onların arasından ən aktiv 1500 könüllü seçilərək, yarışların təşkilat komitəsinin müxtəlif sahələrinə –  insan resursları, işçi qüvvəsi, media əməliyyatları, şəhər, ofis əməliyyatları, hava limanı və qonaqların qarşılanması əməliyyatları kimi istiqamətlərə cəlb olunacaq. Müsahibə mərhələsi növbəti ilin yanvar ayının sonunda yekunlaşacaq.

Könüllülər Formula 1 Azərbaycan Qran Prisinin ayrılmaz hissəsidir. Bu il də qısa müddətdə müraciət edənlərin sayında artım müşahidə etdik. Bizi çox sevindirir ki, hər il könüllülüyə həvəs göstərən gənclərimizin sayı artmaqdadır. Könüllülük gənclərimizə böyük təcrübə qazandırır və onları gələcək peşəkar həyatlarına birbaşa hazırlayır. Növbəti Bakı yarışına 1500 könüllünün cəlb olunması nəzərdə tutulub.” – deyə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İnsan Resursları və İşçi Qüvvəsi şöbəsinin rəhbəri İranə Əhmədova bildirib. 

Seçim mərhələsində əsas meyarlar olaraq, yüksək motivasiyaya sahib, komandada işləmək və kommunikasiya bacarıqları olan,  həmçinin xarici dil bilikləri ilə fərqlənən namizədlərə üstünlük veriləcək. 

Könüllülərin qeydiyyatı tamamlandıqdan sonra onların fərqli sahələrdə işləmək bacarıqları, eləcə də fərdi və peşəkar inkişafları üçün BŞH tərəfindən xüsusi təlimlər təşkil olunacaq.   

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisi 2023-cü il, 28-30 aprel tarixlərində təşkil olunacaq. Paytaxtımız ilk dəfə yarış çərçivəsində Sprint yarışına ev sahibliyi edəcək. 

Könüllülük proqramı ilə bağlı yeniliklərdən xəbərdar olmaq üçün isə aşağıdakı sosial media hesablarımızı izləyə bilərsiniz: 

https://www.facebook.com/BakuVolunteers/

https://www.instagram.com/bakucitycircuitvolunteers/

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: