Formula-1 “grid-girls”ları uşaqlarla əvəz edəcək
Formula-1 Beynəlxalq Avtomobil Federasiyası (FIA) ilə birlikdə gənc auditoriya cəlb etmək üçün yeni – “grid-kids” təşəbbüsü elan edib. İndi ənənəvi “grid-girls”lərin yerinə start meydançasına iştirakçıların nömrələri yazılmış lövhələri uşaqlar çıxaracaqlar.
Frame.az “F1News.ru” saytına istinadla xəbər verir ki, gənc namizədləri milli avtoklublarla birgə Qran Pri bələdçiləri seçəcəklər. Seçki anınadək bütün iddiaçılar kartinqlə məşğul olmalı və ya kiçik yarış seriyalarının iştirakçısı olmalıdırlar. Yerli təşkilatçılar meyarları özləri müəyyən edəcəklər – seçim həm idman nailiyyətlərinin əsasında, həm də lotereyanın yekunlarına görə aparılacaq.
Uşaqlar iştirakçıların nömrələri yazılmış lövhələri təkcə Formula-1 startından əvvəl deyil, həmçinin yarış müddətində saxlayacaqlar. Bundan başqa, bazar günləri uşaqları müşayiət edən valideynlər də yarış iştirakçılarının olduğu əraziyə (paddock) buraxılış əldə edəcəklər.
Formula-1 yarışlarının kommersiya direktoru Şon Bratçes deyib: “Bu cür əlamətdar hadisənin iştirakçısı olmaq gənclərə unudulmaz dəqiqələr bəxş edəcək. Təsəvvür edə bilərsiniz ki, onlar öz qəhrəmanlarını yarışlara hazırlaşanda görəcək və yan-yana dayana biləcək, startdan əvvəl avtomobil yarışları elitasının bilavasitə yaxınında olacaqlar. Bu, həm uşaqlar, həm də onların ailələri üçün unudulmaz təcrübə olacaq.
Uşaqlar avtomobil idmanı ilə məşğul olmağa davam etmək, məşq və təlimlər üçün də əlavə stimul qazanacaqlar. Onlar gələcəkdə Qran Pri startına çıxmağı arzu edəcəklər. Bu, Formula-1 qəhrəmanlarının yeni nəslinə ilham vermək üçün ən yaxşı vasitədir”.
FIA-nın prezidenti Jan Todt qeyd edib ki, Formula-1 avtomobil idmanının zirvəsidir. FIA piramidasına daxil olan kiçik seriyalardan birində iştirak edən hər bir gənc sürücü bu yarışlara qatılmağı arzu edir. Biz sevinirik ki, onların arzularına çatmasına kömək edir və gələcək çempionlara startdan əvvəl öz qəhrəmanları ilə start meydançasında dayanmaq imkanı veririk.
Federasiya prezidenti deyib: “Bu, FIA-ya daxil olan avtomobil klublarına əlavə dəstək verən çox yaxşı təşəbbüsdür. Belə ki, onlar milli seriyalarda iştirak edən gənc sürücülərə unikal mükafat təqdim edə bilər”.