Baku City CircuitEventsFormula 1IdmanTəqdimatƏn SonƏn Son

Formula 1-in rəhbəri konfrans üçün Bakıya gəlib

Formula 1 Şirkətlər Qrupunun baş icraçı direktoru və sədri Çeyz Keri fevralın 12-də baş tutan “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları” (BHMSE) adlı beynəlxalq konfransın 4-cü buraxılışında iştirak edərək nitq söyləyib.

“İdman və şəhər” mövzusuna həsr olunan konfransın builki buraxılışına Formula 1 və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti rəhbərliyi ilə yanaşı bir sıra yüksək səviyyəli yerli rəsmilər və aparıcı xarici mütəxəssislər qatılıblar.

Bakı Konqres Mərkəzində keçirilən konfransda xarici qonaqlar qismində Çeyz Keri ilə birlikdə Formula 1 Fransa Qran Prisinin baş icraçı direktoru Erik Bulye, Sky Sports televiziya kanalının F1 şöbəsinin rəhbəri Skot Yanq, “Galway – Avropanın 2020-ci il Mədəniyyət Paytaxtı” tədbirinin əməliyyatlar və maliyyə üzrə direktoru Alan Qreydi və “Quantum Consultancy” şirkətinin baş icraçı direktoru Mark Matir iştirak edərək idmanın müasir şəhər quruculuğuna təsiri ətrafında çıxış edərək iştirakçıları dünyanın bu istiqamətdəki qabaqcıl təcrübə və yanaşmaları ilə yaxından tanış ediblər.

Çeyz Keri çıxışında idman və onun bir  çox qlobal promouterinin birgə çalışaraq yarış başa çatdıqdan sonra da təsiri davam edəcək misilsiz, davamlı və dünya səviyyəli idman tədbirinə uğurlu şəkildə evsahibliyi etməyin yollarına dair düşüncələrini iştirakçılarla bölüşüb. Onun idman yarışları və bu yarışların təşkilatçıları barədə söylədiyi fikirlər PwC beynəlxalq audit şirkətinin 2016-2019-cu illər ərzində Bakıda baş tutmuş Formula 1 Azərbaycan Qran Prisi yarışlarının ölkəyə qazandırdıqlarına dair ötən ay açıqladığı hesabatda qeyd olunan 506,3 milyon dollar dəyərində birbaşa və dolayı gəlirlərə aid göstəricilərdə öz əksini tapır.

Tədbirdə çıxış edən qabaqcıl xarici media mütəxəssislərdən Skot Yanq Formula 1 Dünyü Çempionatının qlobal auditoriyasının genişləndirilməsində və 22 yarış həftəsonundan ibarət bu çempionat çərçivəsində yarışların dünya səviyyəsində keçirilməsində teleyayım sayəsində əldə edilən böyük uğurlardan danışıb. Həmçinin o, Formula 1 Qran Prisi kimi irimiqyaslı beynəlxalq idman yarışının evsahibi ölkənin qlobal miqyasda tanıdılması baxımından yerli promouterlərə qazandırdığı əvəzolunmaz faydaları xüsusilə vurğulayıb. PwC şirkətininsözügedən hesabatda qeyd olunduğu kimi 2018-ci ildəki Bakı yarışı 82,3 milyon canlı televiziya izləyicisi cəlb edib, 2019-cu ildəki yarışda isə bu göstərici 10 % artaraq 90,2 milyon nəfər təşkil edib.

Tədbirdə Formula 1 yarış treklərinin təmsilçiləri olaraq Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimovla yanaşı Formula 1 Fransa Qran Prisinin baş icraçı direktoru Erik Bulye də iştirak edib və o çıxışında Formula 1-in 2018-ci ildə yenidən Fransadakı öz “mənəvi evi”-nə, xüsusən də Le Castellet-ə qayıtmağının müsbət təsirlərindən danışıb.

Bundan başqa, Azərbaycan hökümətinin və biznes dünyasının ali təmsilçiləri, o cümlədən gənclər və idman naziri Azad Rəhimov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və PwC şirkətinin Azərbaycan üzrə idarəedici tərəfdaşı Mövlan Paşayev tədbirə qatılaraq nitq söyləyiblər.

Bu gün tədbirdə “Galway 2020” tədbirinin əməliyyatlar və maliyyət üzrə direktoru Alan Qreydi ilə yanaşı bu ilin iyununda UEFA Avro 2020 çərçivəsində Bakıda baş tutacaq 4 oyunun təşkilati işlərinə rəhbərlik edən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) baş katibi və icraçı vitse-prezidenti Elxan Məmmədov da iştirak edib.

Bir günlük konfrans Formula 1-in yayım hüququna sahib olan şirkətləri və yayım tərəfdaşlarını, Azərbaycan və Fransa Qran Prilərinin promouterlərini, yerli hökumət və biznes qurumlarının təmsilçilərini xüsusi bir platformada biraraya gətirərək irimiqyaslı idman və mədəniyyət tədbirlərinin bu tədbirlərə evsahibliyi edən şəhər və ölkələrə olan iqtisadi və sosial təsiri, bunun əhəmiyyəti vəfaydaları barədə müzakirələr və təhlillərin aparılmasını və şəxsi təcrübələrin bölüşülməsini təmin edib. Konfrans zamanı keçirilən canlı və interaktiv sual-cavab sessiyalarında tədbir iştirakçıları və media nümayəndələri məruzəçilərlə fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda çıxış edən BŞH-nin icraçı direktoru Arif Rəhimov konfransın bu ilki buraxılışının uğurlu keçdiyini bildirib: “Çeyz Kerini yenidən Bakıda görmək bizim üçün xüsusi ayrıcalıqdır. Formula 1-in yeni rəhbərliyi bizimlə birgə işləyərək azarkeşlər üçün unudulmaz yarış və əyləncə imkanı təqdim etməklə yanaşı evsahibi ölkələr üçün uzun müddət davam edəcək miras qoymaqda necə də qərarlı olduğunu söz və əməlləri ilə bizə bir daha göstərdi. Fürsətdən istifadə edərək xaricdən gələn qonaqlarımıza, o cümlədən Skot Yanq və Erik Bulyeyə qiymətli təcrübələrini bizimlə bölüşdüyü üçün təşəkkür edirəm. Biz bu gün bütün məruzəçi qonaqlarımızın tədbirimizə və burada müzakirə olunan məsələlərin dərindən öyrənilməsinə xüsusi qatqı göstərdiklərinin şahidi olduq. Biz artıq diqqətimizi bu yay keçirəcəyimiz 5-ci yarışa tam vermişik və iyunun ilk həftəsində dostlarımız və azarkeşlərlə yenidən Bakıda görüşməyi səbirsizliklə gözləyirik”.

Formula 1-in rəhbər təmsilçisi Çeyz Keri isə çıxışında Bakıda təkrar olmaqdan məmnun olduğunu bildirib: “Rekord sayda yarışın keçiriləcəyi Formula 1-in 2020-ci il mövsümünün 8-ci yarışına evsahibliyi edəcək Bakıda yenidən olmaqdan çox qürur duyuram. Biz 2019-ci il mövsümünü mükəmməl şəkildə başa vurduqdan sonra yeni mövsümə başlamağı böyük həyəcanla gözləyirik. Bizim Formula 1-də hazırda nail olduğumuz hərəkətlilik bu idmanı inkişafa aparır, çempionatımızı böyüdür və azarkeşlərimizin sıralarını genişləndirir. Yarışların ətraf mühitə vurduğu zərərin ən aza endirilməsi istiqamətində 2021-ci ildə ediləcək dəyişikliklərlə bağlı bizim bu il bir sıra böyük təşəbbüslərimiz olacaq. Həmçinin çalışırıq ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birlikdə idman çərçivəsində etdiyimiz əməkdaşlıq daha irəliyə aparılsın”.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!