“Formula 1”: Məktəblilər Azərbaycan Qran-Prisinə hazırlıq prosesi ilə tanış olublar
“Formula 1” üzrə Azərbaycan Qran-Prisinə hazırlıqlar davam edir.
Frame.az xəbər verir ki, yarışın təşkilatçısı Bakı Şəhər Halqası bu dəfə məktəblilər üçün paddok turları təşkil edib.
Şagirdlər məşhur avtoidman yarışına hazırlıq prosesi və pilotların mübarizə qaydaları ilə tanış olublar.
Gənclər “kral yarışları”nın təşkilində mühüm rol oynayan Yarış İdarəetmə Mərkəzinə baş çəkib, pit zolağında gəzmək imkanı əldə ediblər. Burada onlar yarış rəsmilərinin hazırlığı və qaydalara nəzarətin ciddi həyata keçirildiyi məkanları əyani görməklə yanaşı, prosesin necə icra edildiyini peşəkarlardan dinləyiblər.
Tur iştirakçıları komandaların yarış avtomobillərini hazırlıq vəziyyətinə gətirdiyi qarajlara baxış keçiriblər. Daha sonra məktəblilər üçün xüsusi hazırlanmış “Formula 1” bolidinin maketi üzərində dizayn nümayiş olunub, onun konstruksiyası barədə məlumat verilib.
Sonda məktəblilər onları maraqlandıran sualları təşkilatçılara ünvanlaya biliblər.