EventsTəqdimat

Kulinariya Assosiasiyasının ilin yekunlarına həsr olunmuş tədbiri keçirilib

“Xanədan” etno-restoranında Azərbaycan Milli Kulinariya Assosiasiyasının 2023-cü il “Heydər Əliyev İli”nin yekunları və fəal üzvlərin mükafatlandırılmasına həsr olunmuş tədbir keçirilib.

Assosiasiyanın və “Türk Dünyası Mətbəx Kültürü, Elmi və Sənətləri Birliyi”nin Prezidenti Dr. Prof. Tahir Əmiraslanov 2023-cü ildə gördüyü işlərdən və tədbirlərdən söz açıb. Bildirib ki, ötən ildə assosiasiya Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair keçirilmiş mətbuat konfransında və Naxçıvanda “Heydər Əliyev ili” nə dair təşkil olunmuş tədbirdə iştirak edib. Fevralın 13-də Azərbaycan Aşpazlar Gildiyasının təşkilatçılığı ilə baş tutmuş tədbirdə isə uzun illərdir bu sahədə fəaliyyət göstərmiş aşpazlarla birgə mükafata layiq görüldüklərini deyən T. Əmiraslanov assosiasiyanın Azərbaycan mətbəxini təmsil edən digər dörd təşkilatla da sıx əməkdaşlıq etdiyini və onlara lazımi dəstək göstərdiyini vurğulayıb. Bakı, Sumqayıt, Lənkəran, Qəbələ və başqa bölgələrdə təhsil alan gənc kulinarların ölkə miqyasında keçirildiyi çempionatda mükafatlarla təltif olunduqlarını qeyd edib. Aşpazlıq peşəsi ilə məşğul olan bir sıra gəncləri ali təhsil almağa yönləndirən Tahir Əmiraslanov hər zaman onlara bu yolda uğurlu addım atmağı tövsiyə edib. Assosiasiyanın sədri onu da bildirib ki, yeni kulinariya kitabının təqdimatının Fransada keçirilməsini planlaşdırır. Lakin bu baş tutmasa, “İrəvan Mətbəx Günləri” layihəsini mütləq orada da həyata keçirəcək.

Sonda 2023-cü ildə “İrəvan Mətbəxi ongünlüyü”ndə “Milli Mətbəx Mədəniyyəti”nə verdikləri dəstəyə görə “Yaban Bulvar”, “Pizza Hat” və “Xanədan” etno-restoranları, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Kreativ Group MMC, mətbuat nümayəndələri və başqaları Azərbaycan Milli Kulinariya Assosiasiyasının diplomları ilə mükafatlandırılıblar.

 

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!