Fotoqrafiya sənətində xidmətləri olmuş fotoqraflar mükafatlandırılıb

Fevralın 29-da “YARAT” Müasir İncəsənət Mərkəzində Azərbaycan Fotoqrafları Birliyinin (AFB) “İlin fotoqrafı – 2019”un mükafatlandırma mərasimi keçirilib.

Frame.az xəbər verir ki, tədbirdə ölkəmizdə fotoqrafiya sənətinin inkişaf tarixinə nəzər salan Azərbaycan Fotoqrafları Birliyinin sədri Mirnaib Həsənoğlu “İlin fotoqrafı – 2019”un məqsədi barədə məlumat verib. Bildirib ki, layihənin keçirilməsində məqsəd fotoqrafları bir araya gətirməkdir: “Bu il “İlin fotoqrafı”nın formatında bir az dəyişiklik olunub. Belə ki, “İlin fotoqrafı”ndan əlavə, digər nominasiyalar üzrə də mükafatlar təqdim ediləcək. Əvvəlki illərdən fərqli olaraq, bu il biz dünyasını dəyişmiş fotoqraflarımızın xatirəsinə xüsusi mükafatlar təsis etmişik. Burada dünyasını dəyişmiş tanınmış fotoqraflar Əli Qafarov, Yaşar Xəlilov, Oleq Litvin, Ənvər Qaragözov, Rafiq Nağıyev və Hüseyn Hüseynzadənin xatirəsinə həsr edilmiş mükafatlar təqdim olunacaq”.

Daha sonra fotoqrafiya sənətində son illərdə xidmətləri olmuş fotoqraflara AFB adından təsis edilmiş mükafatlar təqdim olunub. Eləcə də fotoqrafiya sənətinin tərəqqisi və inkişafı naminə həyata keçirilən layihələrdə iştiraklarına, beynəlxalq müsabiqələrdə qazandıqları qələbələrə, keçirilən uğurlu fotolayihələrə, fotoqrafiya sənətinin təbliği üçün təşkil olunan qrup və fərdi sərgilərə görə mükafatlar təqdim edilib.

Frame.az da Azərbaycan Fotoqrafları Birliyinin “Xatirə diplomu” ilə mükafatlandırılıb.

Tədbirdə, eləcə də “Narınqala 2019” beynəlxalq fotomüsabiqəsinin qalibləri də mükafatlandırılıblar.

Qeyd edək ki, “İlin fotoqrafı” mükafatı AFB tərəfindən 2000-ci ildə təsis edilib.

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: