Gənclər təşkilatlarının rəhbərlərinin Gəncə və Bərdəyə növbəti dəstək səfəri olub
Uzunmüddətli Qarabağ həsrəti Müzəffər Ali Baş Komandanın zəfər xəbərini elan etməsi ilə bitdi və xalqımız bu qələbəni böyük ruh yüksəkliyi və sevinc hissi ilə qeyd etməyə başladı.
Frame.az xəbər verir ki, qələbə xəbərini uzun müddət gözləyən, Vətən müharibəsi müddətində arxa və ön cəbhədə daim mübarizə aparan gənclərimiz ulu öndər Heydər Əliyevin məzarına və Şəhidlər xiyabanına zəfər yürüşü ediblər. Ermənistan silahlı qüvvələrinin ölkəmizə qarşı cəbhədə törətdiyi təxribatlar, mülki insanların hədəf alınması nəticəsində Bərdə, Tərtər, Gəncə və digər rayonlarda bir çox vətəndaşların evləri dağıdılmış və ailə üzvlərini itirmişlər.
Zəfər xəbərini alan gənclər təşkilatlarının nümayəndələri tərəfindən noyabrın 11-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə növbəti dəfə Gəncə və Bərdəyə səfər təşkil edilib. Səfərin əsas məqsədi dağıntı zonasında olmaq, zərər çəkmiş ailələrə baş çəkmək, qələbə sevincini bölüşərək gənclərin dəstəyini onlara hiss etdirməkdir.
Səfər çərçivəsində gənclər təşkilatlarının nümayəndələri zərər çəkən ailələrlə söhbətlər aparıblar. Aparılan söhbətlər zamanı insanlar birlik nümayiş etdirərək qələbə sevinclərini ifadə ediblər. Onlar Prezident İlham Əliyevə bu qələbəyə görə minnətdarlıqlarını bildiriblər.