Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud rejimdə işləyir
Azərbaycan ərazisində hərbi vəziyyətin elan edilməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportu müvəqqəti olaraq məhdud iş rejiminə keçir.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Frame.az-a bildirilib ki, bununla əlaqədar, “Azərbaycan Hava Yolları”nın Bakı-Naxçıvan-Bakı istiqamətində sentyabrın 30-dək (30 sentyabr daxil olmaqla) nəzərdə tutulmuş bütün reysləri dayandırılıb.
Eyni zamanda, AZAL aviaşirkətinin oktyabrın 1-nə nəzərdə tutulmuş Bakı-London-Bakı, həmçinin oktyabrın 2-si tarixinə nəzərdə tutulmuş Bakı-Berlin-Bakı istiqamətində aviareysləri ləğv edilib.
AZAL aviaşirkətinin ləğv edilmiş reyslərinin sərnişinləri aviabiletlərini cərimə ödənilmədən digər tarixlərə dəyişə və ya ödənilmiş vəsaiti geri ala bilərlər.
Bundan əlavə, “Fly Dubai” aviaşirkəti sentyabrın 29-u, oktyabrın 1-i və 3-ü nəzərdə tutulmuş Dubay-Bakı-Dubay istiqamətində reyslərini, “Aeroflot” aviaşirkəti oktyabrın 1-i və 4-ü tarixinə nəzərdə tutulmuş Moskva-Bakı-Moskva istiqamətində aviareyslərini və “Belavia” aviaşirkəti oktyabrın 2-si və 4-ü tarixlərinə nəzərdə tutulmuş Minsk-Bakı-Minsk istiqamətində aviareyslərini ləğv edib.
Qeyd olunan ləğv edilmiş reyslərin sərnişinləri əlavə məlumat üçün adıçəkilən aviaşirkətlərə müraciət edə bilərlər.