Təqdimat

Heydər Əliyev Sarayında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar anım tədbiri

Heydər Əliyev Sarayında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Sarayın mətbuat xidmətindən bildirilib ki, əvvəlcə Xocalı soyqırımına aid faktları və reallıqları özündə əks etdirən kitab və fotoguşəyə baxılıb.

Sarayın tamaşaçı zalında davam edən tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Sarayının direktoru, Əməkdar Mədəniyyət İşçisi Fərhad Babayev geniş məruzə ilə çıxış edərək, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən və xocalılıların qeyri-bərabər savaşda erməni hərbi birləşmələrinə qarşı igidliklə döyüşmələrindən bəhs edib. Soyqırımı qurbanlarının xatirəsinin xalqımız və dövlətimiz tərəfindən daim əziz tutulduğunu, hər il bu faciə ilə bağlı Azərbaycanla yanaşı, dünyanın ayrı-ayrı ölkələrində çoxsaylı konfranslar, sərgilər, yürüşlər və anım tədbirlərinin təşkil edildiyini bildirib.

Azərbaycan tarixində baş verən ən qanlı hadisələrdən birinin canlı şahidləri olan Xocalı sakinləri də tədbirdə çıxış edərək, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarından danışıblar.

Sonda Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyi qeyd olunaraq, Heydər Əliyev Fondu tərəfindən xarici auditoriya üçün hazırlanan “Xocalıya ədalət!” sənədli filmi nümayiş etdirilib. Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!