IdmanTəqdimatƏn Son

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019”a start verilib

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Bakı Marafonu 2019”a start verilib.

Frame.az xəbər verir ki, marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib.

“Küləyə qalib gəl” şüarı altında artıq dördüncü ildir təşkil olunan yarımarafon Dövlət Bayrağı Meydanından start götürərək, Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Layihə idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, və insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyır.

Hər il daha çox iştirakçı sayı ilə diqqət çəkən marafonda bu dəfə 22 min 320 şəxs qeydiyyatdan keçib. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, bir sıra digər ölkələrdən də iştirakçılar gəlib. Marafonda ABŞ, Avstriya, BƏƏ, Böyük Britaniya, Cənubi Afrika, Fransa, İran, Rusiya, İspaniya, İtaliya, Türkiyə, Ukrayna, Uqanda və digər ölkələrdən qoşulanlar var. Eyni zamanda, Azərbaycanda yaşayıb-işləyən 300-dən çox əcnəbi, o cümlədən BƏƏ, Çin, Hindistan, İraq, İran, Qazaxıstan, Litva, Mərakeş, Özbəkistan, Türkiyə, Türkmənistan və digər ölkələrin Azərbaycandakı səfirlik və diplomatik nümayəndəliklərinin təmsilçiləri marafonçular sırasındadır.

Marafonda dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, tanınmış mədəniyyət və incəsənət adamları, idmançılar iştirak edirlər. Eyni zamanda, müxtəlif təşkilat və şirkətin təmsilçiləri korporativ iştirakçı kimi qeydiyyatdan keçiblər.

Builki marafona Heydər Əliyev Fondunun dəstəyi ilə protezlərlə təmin olunmuş bir qrup Qarabağ müharibəsi əlili də qoşulub.

Azərbaycanın Astara, Gəncə, Qəbələ, Quba, Qusar, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şamaxı, Şəki, Oğuz, Zaqatala və digər bölgələrindən də yarışda iştirak edənlər var.

Builki marafon bir sıra yeniliklərin tətbiqi ilə də yadda qalacaq. Bunlardan ən əhəmiyyətlisi ilk dəfə çip (xronometraj) sisteminin tətbiq olunmasıdır. Belə ki, yarışçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirilib. Sistemin tətbiqi marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək və iştirakçıya elektron sertifikat əldə etmək imkanı qazandıracaq.

Marafonun startında ilk dəfə olaraq “məşq zonası” yaradılıb və səhnədən isinmə hərəkətləri nümayiş etdirilir.

Marşrut boyu müxtəlif maraqlı əyləncəli proqramlar təqdim olunur, marafonçuları DJ və aparıcılar, barabançılar müşayiət edir.

İştirakçıların özlərinin də marafona maraqlı hazırlıqları diqqət çəkir. Belə ki, yarışçılar müxtəlif maraqlı kostyumlarda marafona özünəməxsus rəng qatırlar.

Qaliblərin mükafatlandırma mərasimi finiş zonasında – Bakı Olimpiya Stadionunda keçiriləcək.

Kişi və qadın kateqoriyalarının hər birində ilk yerin sahibi 3000 AZN, ikinci yeri qazanan 2000 AZN, üçüncü yerə çıxan isə 1000 AZN məbləğində mükafat və hədiyyələrlə, eləcə də medal və sertifikatlarla təltif olunacaq.

Bundan əlavə, marafonun eksklüziv tərəfdaşı və sponsorları iştirakçılara müxtəlif nominasiyalar üzrə bir sıra mükafatlar təqdim edəcək. Qadın və kişi kateqoriyalar üzrə finiş xəttini ilk keçən tələbələr Parisdə Disneylənddə tətil, korporativ iştirakçılar isə İstanbul marafonuna qeydiyyat və gediş-dönüş bileti qazanacaqlar.

Marafon iştirakçısı olan Azərbaycan vətəndaşlarına bir neçə nominasiyada mükafatlar təqdim olunacaq. Qadın və kişi kateqoriyası üzrə finiş xəttini keçən ilk Azərbaycan vətəndaşları Gürcüstanda təşkil olunacaq “Wings for Life World Run 2020” marafonunda iştirak edəcək. Bundan əlavə, finiş xəttini ilk keçən 50 yaşdan yuxarı Azərbaycan vətəndaşları (qadın və kişi kateqoriyası üzrə), həmçinin finişə çatmış ilk 5 azərbaycanlı xanım müxtəlif hədiyyələr qazanacaq.

Finiş xəttini ilk keçən maraqlı kostyumlu marafonçu, 10 xarici marafonçu, 3 xanım nominasiyalarında da mükafatlar veriləcək.

Həmçinin martın 4-dən mayın 1-dək marafonda iştirak üçün qeydiyyatdan keçənlər arasında lotereyanın qalibi olmuş 2 nəfərə də hədiyyə təqdim olunacaq.

Bunlardan əlavə, finiş xəttini keçən ilk 1000 iştirakçı “Bakı Marafonu-2019”un xüsusi medalı ilə təltif ediləcək.

“Bakı Marafonu-2019”un eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!