Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda Biharın irsi, mədəniyyəti və mətbəxinin möhtəşəm təqdimatı ilə “Bihar Diwas”-ı qeyd edib
Hindistanın Azərbaycandakı Səfirliyi 13 avqust 2026-cı il tarixində Bihar Diwas münasibətilə möhtəşəm tədbir təşkil edib. Tədbirdə Hindistanın Bihar ştatının zəngin sivilizasiya irsi, rəngarəng mədəniyyəti, turizm potensialı, sənətkarlığı və özünəməxsus mətbəxi təqdim olunub. Tədbirdə müxtəlif ölkələrin və beynəlxalq təşkilatların səfirləri, diplomatik korpusun nümayəndələri, dövlət və digər qurumların tanınmış şəxsləri, işgüzar dairələrin nümayəndələri, media nümayəndələri, sosial media influenserləri, Hindistan diasporunun üzvləri və çoxsaylı Azərbaycan vətəndaşları daxil olmaqla geniş auditoriya iştirak edib.
Tədbir başlamazdan əvvəl sosial mediada böyük maraq doğurub, elanlar və tanıtım materialları Azərbaycan ictimaiyyəti arasında tədbirə qarşı ciddi maraq və gözlənti yaradıb.
Tədbir iştirakçılarını salamlayan Hindistanın Azərbaycandakı səfiri cənab Abhay Kumar Biharın Hindistanın sivilizasiya tarixində özünəməxsus yerini vurğulayıb. O qeyd edib ki, Bihar Buddizm və Caynizmin vətəni, qədim Maqadha imperiyasının mərkəzi, dünyanın ən qədim təhsil ocaqlarından biri olan Nalandanın, eləcə də UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Bodh Qayadakı Mahabodhi məbədinin yerləşdiyi diyardır. Səfir, həmçinin Biharın İmperator Aşoka, Aryabhata, Çanakya, Dr. Racendra Prasad və Cayaprakaş Narayan kimi görkəmli şəxsiyyətlərlə bağlılığını xatırlatdı. Səfir Biharın zəngin incəsənət, musiqi, festivallar, mətbəx və sənətkarlıq ənənələrini diqqətə çatdıraraq, qonaqları Biharla tarix, mənəviyyat, mədəniyyət və turizmin vəhdət təşkil etdiyi bir məkan kimi tanış olmağa dəvət edib.
Axşamın mühüm məqamlarından biri Azərbaycan icmasının, eləcə də Hindistan diasporunun üzvlərinin Biharın mədəni irsini əks etdirən ənənəvi hind geyimlərində iştirak etdiyi dəb şousu olub. Təqdimat tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və Hindistanın ənənəvi geyimlərini və mədəni müxtəlifliyini canlı şəkildə nümayiş etdirib.
Daha sonra qonaqlara Hindistandan gəlmiş beynəlxalq aşpazlar tərəfindən xüsusi olaraq hazırlanmış, Bihar mətbəxinin orijinal nümunələrindən ibarət zəngin çeşidli yeməklər təqdim olunub. Biharın ənənəvi duzlu qəlyanaltıları və şirniyyatları da daxil olmaqla, özünəməxsus dadları qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Kulinariya təqdimatı Azərbaycanlı və beynəlxalq qonaqlara Biharın mədəni irsinin mühüm və ləziz bir hissəsi ilə tanış olmaq imkanı yaradıb.
Tədbirdə, həmçinin Biharın tikanlı suzanbağı (Makhana) məhsulu, Bhaqalpuri ipəyi, Madhubani naxışları və Dal Çadar şalları kimi özünəməxsus məhsulları nümayiş etdirilərək ştatın zəngin kənd təsərrüfatı, sənətkarlıq və toxuculuq ənənələri diqqətə çatdırılıb.
Mədəni proqram da Biharın musiqi ənənələrindən ilhamlanmış musiqi və rəqs nömrələri ilə gecəyə xüsusi rəng qatıb. İfaçılar tamaşaçıları valeh edib və çıxışlar tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Bir çox qonaq Biharın mədəni ənənələrinin müxtəlifliyini və zənginliyini yüksək qiymətləndirib.
Tədbir, həmçinin Biharın, xüsusilə onun buddist irsinin, qədim təhsil mərkəzlərinin və arxeoloji xəzinələrinin timsalında böyük turizm potensialının təqdim olunması üçün imkan yaradıb. Qonaqların bunu böyük maraqla qarşılaması Hindistanın daha çox tanınan məkanlarından başqa, az tanınan tərəflərini kəşf etməyə artan marağı əks etdirib.
Qonaqlardan biri qeyd edib ki, Hindistan çox vaxt Tac Mahal kimi məşhur məkanlarla əlaqələndirilsə də, bu tədbir ölkənin zəngin mədəni və tarixi müxtəlifliyinə fərqli bir baxış imkanı yaradıb. Qonaq, həmçinin Hindistana növbəti səfəri zamanı Bihardakı Nalanda Universitetini mütləq ziyarət etmək istədiyini bildirib.
“Bihar Diwas”-ın qeyd olunması Hindistanın zəngin mədəni müxtəlifliyini Azərbaycanda təbliğ etmək, Hindistan və Azərbaycan xalqları arasında birbaşa əlaqələri və qarşılıqlı mədəni anlaşmanı daha da dərinləşdirmək istiqamətində Hindistan Səfirliyinin davamlı səylərinin bir hissəsidir. Tədbirə göstərilən böyük maraq Azərbaycan vətəndaşlarının, eləcə də geniş diplomatik və beynəlxalq ictimaiyyətin Hindistanın müxtəlif və zəngin mədəni irsini kəşf etməyə olan güclü marağını nümayiş etdirib.

