IqtisadiyyatSağlamlıqTəqdimat

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib

Dekabrın 14-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransı keçirib.

Cari ildə əldə olunan nəticələri ötən illə müqayisəli şəkildə təqdim edən Agentliyin İdarə Heyətinin sədri bildirib ki, ötən illə nisbətdə xidmət sayında 30% artım müşahidə olunub: “Cari ildə göstərilən tibbi xidmətlərin 59%-i regionların payına düşüb. Bu ilin yanvar-oktyabr aylarında 4,5 milyon şəxs icbari tibbi sığorta çərçivəsində tibbi xidmət alıb. Bu o deməkdir ki, ölkə əhalisinin 47%-i icbari tibbi sığortadan yararlanıb. Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlara ginekoloji, gözdə və ürək-damar sistemində aparılanlar aiddir. Əməliyyatların ən çox icra edildiyi dövlət tibb müəssisələri sırasında ilk yerdə Kliniki Tibbi Mərkəz dayanır”. 

Z.Əliyev özəl tibb müəssisələrində də icbari tibbi sığortadan istifadənin genişləndirildiyini bildirilib: ”Ötən il 111 tibb müəssisəsi ilə müqavilə bağlamışdıqsa, bu il daha 42 müəssisə ilə müqavilə bağlayaraq, sayı 152-yə çatdırmışıq. Biz bunu təkcə iri şəhərlərdə deyil, vətəndaşların xəstəxanalara daha yaxın olmasını, vaxtında xidmətə cəlb edilməsini təmin etmək üçün rayonlarda da tətbiq etdik. Sözügedən tibb müəssisələrinin 80%-i Bakı, Gəncə və Sumqayıt şəhərlərinin, 20%-i isə regionların payına düşür. Müqaviləli tibb müəssisələrinə 2022-ci ildə 90 milyon manatdan çox vəsait ödənilmişdisə, bu il 2 dəfədən çox artaraq ödəniş 211 milyon manat təşkil etmişdir”.

İdarə Heyətinin sədri tibbi statistik göstəricilərlə yanaşı, vətəndaşlara göndərişlərin verilməsi qaydasında edilmiş dəyişiklik barədə də danışıb. Belə ki, əvvəlki qaydaya görə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya tibbi ərazi bölməsi (TƏB) daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda digər TƏB-də yerləşən (məsələn, Mingəçevir) həmin xidməti göstərmək imkanına malik olan dövlət tibb müəssisəsinə göndəriş verilirdi. Hazırkı qaydaya görə isə Qaxda yaşayan şəxsə həmin ərazidə və ya TƏB-in daxilində (məsələn, Şəkidə) dövlət tibb müəssisəsində xidmətin göstərilməsi mümkün olmadıqda həmin TƏB-in ərazisində yerləşən (pasiyentin seçiminə əsasən məsələn, Şəkidəki) Agentliklə müqaviləsi olan özəl tibb müəssisəsinə xidmətdən yararlanması üçün göndəriş verilir. 

Qeyd edək  ki, indiki qaydanın əsas fərqi və üstünlüyü ondan ibarətdir ki, vətəndaşa xidməti TƏB daxilindəki dövlət xəstəxanasında göstərmək mümkün deyilsə, vətəndaşa seçim hüququ verilir. Belə ki, ya vətəndaş TƏB-dən kənarda yerləşən dövlət tibb müəssisəsini seçir, yaxud da özünün aid olduğu TƏB-in ərazisindəki müqaviləli özəl tibb müəssisəsini seçir.

Tədbirin sonunda İdarə Heyətinin sədri jurnalistlərin suallarını cavablandırıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!