İki güclü gimnasta malik olmaq əladır
Azərbaycan bədii gimnastikasının lideri Marina Durunda IV İslam Həmrəyliyi Oyunlarında qazandığı qızıl medallarla fəxr etdiyini bildirib. Zədə səbəbindən bir müddət yarış meydanlarından kənarda qalmış idmançı “Bakı-2017”də uğurlu çıxış etməklə, bir növ, əvəz çıxmaq niyyətindədir.
19 yaşlı gimnast əlindən zədələnib və Fransada əməliyyat olunub və hazırda vəziyyəti qənaətbəxşdir. Bakı yarışları Rio olimpiadasından sonra Durunda üçün ilk sınaqdır. O, lent və halqa ilə hərəkətlərdə yüksək ustalıq nümyiş etdirib və komandasına qızıl medal qazandıraraq Milli Gimnastika Arenasına toplaşmış azarkeşlərə böyük sevinc bəxş edib.
Gələn həftə Budapeştdə keçiriləcək Avropa çempionatına hazırlaşan M.Durunda “AFP-Services” mətbuat agentliyinə açıqlamasında bildirdiyinə görə, zədəsi demək olar ki, tam sağalıb və qitə birinciliyində daha yaxşı çıxış edəcəyinə, yüksək xallar qazanacağına inanır.
Beş müxtəlif yarışın 4-də qalib olmaq mükəmməl nəticə olsa da, Azərbaycan millisinin baş məşqçisi Marina Vasileva komandasından tam qələbə gözlədiyini bildirib. Bolqarıstanlı mütəxəssis deyib ki, əgər Piriyeva kompozisiyanın sonuna yaxın aləti əlindən salmasaydı, o halda maksimum nəticə əldə olunardı. Həmin yanlışlığın nəticəsində isə Özbəkistan gimnastı Anastasiya Seryukova qrup hərəkətlətində qızıl medal qazandı.
Baş məşqçi hazırda yığma komandada iki güclü gimnastın olmasını mühüm fakt kimi dəyərləndirib: “Durunda İslam Həmrəyliyi Oyunlarında halqa ilə hərəkətlərdə hakimlərdən 17.600 xal aldı. Bu nəticə ilə Avropa çempionatında mükafatçılar sırasına düşmək mümkündür. Amma gələn həftə nə baş verəcəyini indidən demək çətindir. Yüksək səviyyəli iki gimnasta malik olmaq əladır. Onlar bir-birinə dəstək verir, ancaq daha çox çalışmaq lazımdır”.
Frame.az