EventsFestivallarMədəniyyətTəqdimat

İkinci Bakı Beynəlxalq Piano Festivalına həsr olunan mətbuat konfransı keçirilib

İyunun 15-dən 29-dək ölkəmizdə Heydər Əliyev Fondunun dəstəyi ilə İkinci Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək. Proqram olduqca zəngindir. Festivalın açılışı 15 İyun – Milli Qurtuluş Günü Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

Bu barədə festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli iyunun 14-də “The Landmark” otel və biznes mərkəzində təşkil olunmuş İkinci Bakı Beynəlxalq Piano Festivalına həsr olunan mətbuat konfransında məlumat verib.

“Ümidvaram ki, budəfəki festival da keçənilki kimi yüksək səviyyədə keçəcək və biz bu vacib tədbiri hər il bu formada təşkil edə biləcəyik. Bu cür layihələr dünyanın hər yerində keçirilir. Bu səbəbdən mən belə layihəni vətənimizdə həyata keçirmək qərarına gəldim və ilk dəfə bu festivalı biz keçən il təşkil etdik. Məhz piano festivalının keçirilməsi barədə qərar əsassız deyildi, çünki pianoda müxtəlif janrda musiqilər ifa etmək mümkündür. Festivalda 11 ölkədən – Azərbaycan, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan tanınmış musiqiçilər iştirak edəcəklər. Bu çərçivədə paytaxtın musiqi salonlarında çoxsaylı konsertlərin keçirilməsi nəzərdə tutulur. Konsertlərdə caz, flamenko, tanqo, klassik və s. musiqilər ifa olunacaq”- deyə Şahin Növrəsli bildirib.

Festivalın özəlliyindən danışan Əməkdar artist qeyd edib ki, bu dəfə film nümayişləri də nəzərdə tutulur. Belə ki, bu filmlər sırasında Xalq artisti Oqtay Mirqasımovun “Bu həqiqətin səsidir. Qara Qarayev” adlı ekran əsəri də var.

Mətbuat konfransında iştirak edən Xalq artisti Oqtay Mirqasımov festivalın işinə uğurlar arzulayıb və ekran əsəri barədə məlumat verib. Bildirib ki, “Bu həqiqətin səsidir. Qara Qarayev” adlı filmi bir sıra beynəlxalq festivallarda mükafat qazanıb. Onun sözlərinə görə, görkəmli fransalı kinoşünas Marsel Marten bu ekran əsərini çox yüksək qiymətləndirib.

Daha sonra Macarıstanın Azərbaycandakı səfiri Tamas Torma, Braziliyanın səfiri Manuel Montenegro, Fransanın səfiri Anne Boillon, Latviya səfirliyindən Vija Busa və digər çıxışçılar təşkilatçılara təşəkkürünü bildirərək, belə festivalların önəmindən danışıblar. İkinci Bakı Beynəlxalq Piano Festivalının xüsusi və qeyri-adi olacağına əminliklərini vurğulayıblar.

Sonda jurnalistlərin suallar cavablandırılıb.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!