IqtisadiyyatSağlamlıqTəqdimat

İnformasiya texnologiyaları sahəsində təhsil almış növbəti könüllülər Agentlikdə işə qəbul olunub

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) cari ilin iyun-sentyabr ayları ərzində “İnformasiya texnologiyaları (İT) sahəsi üzrə II Könüllü Proqramı” təşkil edib. 

Proqramın məqsədi İT sahəsi üzrə biliklərə yiyələnmək istəyən gənclərə dəstək olmaq, onların ixtisas biliklərini artırmaq üçün nəzəri və praktiki təlimlər keçirmək və karyera inkişafında dəstək olmaqla ilk işə götürən rolunda çıxış etməkdir.

Cari ilin aprel ayında elan olunan proqramda iştirak etmək üçün Agentliyə 815 müraciət daxil olub. Müsahibə mərhələsinə ən yüksək bal toplayan 46 könüllü qatılıb. Namizədlər İT sahəsi üzrə bakalavriat və magistratura pillələrində təhsil alan şəxslər olub. Onlardan 6 nəfər Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin Proqramlaşdırma şöbəsinə kiçik mütəxəssis vəzifəsi üzrə işə qəbul edilib. Onlar Agentlikdə ilk iş yeri olaraq əmək fəaliyyətinə başlayıblar. 

Proqram çərçivəsində könüllülər 2 ay ərzində Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsində qruplara bölünərək təcrübə keçiblər. Könüllülərə İdarənin əməkdaşlarından ibarət mentorlar tərəfindən ustad dərsləri keçirilib. Təcrübəçilərə proqram təminatı, mobil tətbiq və müxtəlif proqramların hazırlanması üçün zəruri olan həllər, loq-faylların növləri, proqram sistemlərinin təhlükəsizliyi, süni intellekt texnologiyası mövzularında təlimlər keçirilib. Könüllü proqramın iştirakçıları üçün həmçinin ingilis dili təlimləri təşkil olunub. 

Ən yaxşı nəticə göstərmiş digər şəxslər isə sertifikatla təmin olunublar. Əldə etdikləri yüksək nəticələrə görə Agentlik tərəfindən onlar haqqında xasiyyətnamələr tərtib edilib. Gələcəkdə uyğun vakansiya olduqda yenidən dəyərləndirmək məqsədilə onların məlumatları Agentliyin kadr ehtiyat bazasına daxil edilib.

Qeyd edək ki, bu, İT sahəsində könüllülərin iştirakı ilə Agentlik tərəfindən icra olunan ikinci könüllü proqramıdır. İlk dəfə ötən il həyata keçirilən proqramın yekununda 12 nəfər Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin müxtəlif şöbələrində işə qəbul edilib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!