“İNTİZAR” OPERASININ TAMAŞASI MİLLİ MATƏM GÜNÜNƏ HƏSR OLUNUR
Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan bəstəkarı, respublikanın Xalq artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasının tamaşası keçiriləcəkdir. Tamaşa 20 Yanvar – Ümumilli matəm gününə həsr olunmuşdur.
“İntizar” operası Qarabağda baş verən hadisələr və onların tarixi, Xeyir və Şər qüvvələr arasında mübarizə, günahsız insanların ölümü, yaxın qonşuların satqınlığı və təbiətin gözəlliyindən bəhs edir. Tamaşanın libretto müəllifi professor Nərgiz Paşayeva, musiqi rəhbəri və dirijoru Əməkdar artisti, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.
Tamaşada əsas rolları Xalq artistləri Qərinə Kərimova (Əsli), Əkrəm Poladov (Seyid kişi), Əməkdar artistlər İnarə Babayeva (Mələk), Fərid Əliyev (Arif), İlham Nəzərov (Yad adam), Səbinə Vahabzadə və Fəridə Məmmədova (gəlinlər) və Tural Ağasıyev (kəndli) ifa edəcəklər.
Frame.az