FutbolIdman

İtaliya və İspaniya azarkeşləri maraqlı oyunlara şahid olub

İtaliya Çempionatı 20-cı tur: Turun açılış matçında “Kyevo” və “Udineze” komandaları qarşılaşıb. 7142 tamaşaçının “Bentoqodi” stadionunda canlı izlədiyi görüşdə hesab 9-cu dəqiqədə açılıb. Kacciatore’dən dəqiq ötürmə alan Radovanoviç meydan sahiblərini hesabda önə keçirib 1:0. İlk hissənin bitiminə 4 dəqiqə qalmış qonaqlar tarazlığı bərpa ediblər. Rəqib komandanın hücumunun qarşısına almaq istəyən Kyevo’nun mərkəz müdafiəçisi Tomoviç tərs vuruşla avtoqol müəllifi olub 1:1. İkinci hissədə hər iki komandanın bir neçə dəfə fərqlənmək imkanları olsda qapılara başqa vurulmayıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.

Fiorentina – İnter oyununda da qalib müəyyən olunmayıb 1:1. Çempionatın lideri “Napoli” doğma meydanda “Verona” komandasını qəbul edib. Tərəflər fasiləyə qolsuz bərabərliklə yollanıblar. İkinci hissədə hücumlarının kəsərini artıran meydan sahibləri 65-ci dəqiqədə istəklərinə nail olublar. Kulibali Portuqaliyalı müdafiəçi Mariu Rui’nin ötürməsini qola çevirib 1:0. 78-ci dəqiqədə Kalyexon fərqi iki topa çatdırıb. Bu qələbə sayəsində “Napoli” xallarının sayını 51-ə yüksəldərək liderliyini davam etdirib.

Son illərin dəyişilməz çempionu “Yuventus” komandası da turu 3 xalla başa vurub. Kalyari’nin qonağı olan “Qoca Sonyora” Bernardeski’nin vurduğu yeganə qol sayəsində qələbə qazanıb. Spal’ın qonağı olan “Latsio” komandası rəqibini 5:2 hesabı ilə ağır məğlubiyyətə uğradıb. Qonaqların heyətində poker edən İmmobile cari çempionatda qollarının sayını 20-yə yüksəldərək bombardirlik cədvəlində ilk sıraya yüksəlib.

“Milan” Bonuççi’nin yeganə qolu sayəsində Krotone’yə qalib gəlib. Ötən tur Kyevo’ya 1:0 hesabı ilə qalib gələrək cari çempionatda ilk qələbəsini qazanan debütant “Benevento” bu turda Sampdroriya’nı 3:2 hesabı ilə məğlubiyyətə uğradıb. Valter Mazzari’nin “Torino” klubunun sükanı arxasında debütü uğurlu alınıb. Doğma meydanda Bolonya’nı qəbul edən “Torino” rəqibin qapısından 3 cavabsız top keçirib. Kyevo – Udineze 1:1 Fiorentina – İnter 1:1 Benevento – Sampdoriya 3:2 Milan – Krotone 1:0 Spal – Latsio 2:5 Cenoa – Sassuolo 1:0 Torino – Bolonya 3:0 Roma – Atalanta 1:2 Napoli – Verona 2:0 Kalyari – Yuventus 0:1

İspaniya Çempionatı 18-ci tur: Çempionatın lideri “Barselona” evində “Levante” komandasını qəbul edib. 56380 tamaşaçının Nou Kamp’da canlı izlədiyi görüşdə hesab 12-ci dəqiqədə açılıb. Alba’dan ötürmə alan Messi fərqlənərək cari çempionatda 16-cı qolunu vurub. Fasiləyə az qalmış “Barselona” klubunun Uruqvaylı legioneri Suarez fərqi iki topa çatdırıb. Oyunun sonuncu dəqiqəsində yayda 40 milyon avroya transfer olunan Braziliyalı yarımmüdafiəçi Paulinyo son nöqtəni qoyub 3:0. Bu qələbə sayəsində Ernesto Valverde’nin yetirmələri xallarının sayını 48-ə yüksəldərək liderliyini davam etdirib.

İkinci sırada qərarlaşan “Atletiko Madrid” komandası evində Xetafe’yə 2:0 hesabı ilə qalib gəlib. Sevilya – Betis matçında qapılara 8 qol vurulub. 5:3 hesabı ilə qələbə qazanan qonaqlar turnir cədvəlində 10-cu pilləyə yüksəliblər. Vilyareal – Deportivo görüşündə qalib müəyyənləşməyib. Oyun 1:1 hesabı ilə heç-heçə yekunlaşıb. “Vilyareal” klubunun yeganə qoluna Türkiyəli hücumçu Enes Ünal imza atıb.

Selta – Real Madrid matçı gərgin mübarizə şəraitində keçib. Hesabı görüşün 33-cü dəqiqəsində meydan sahibləri açıblar. Vass qapıçı Navas’ın irəli çıxdığını görərək topu onun başı üzərindən qapıya göndərib 1:0. Vurulan qoldan sonra arxayınlaşan meydan sahibləri tezliklə bunun cəzasını artıqlamasıyla çəkib. 36-cı dəqiqədə Beyl hesabı bərabərləşdirib. Cəmi iki dəqiqə sonra isə Beyl dublunu rəsmiləşdirərək hesabı 1:2 edib. Oyunun 72-ci dəqiqəsində “Selta” bərabərlik qolunu vurmağa çox yaxın olub. Lakin qapıçı Navas Aspas’ın penalti zərbəsini dəf etməyi bacarıb. Buna baxmayaraq meydan sahibləri 82-ci dəqiqədə Moi Qomez’in vurduğu qol sayəsində məğlubiyyətdən qaçmağa müvəffəq olub 2:2. Bu heç-heçədən sonra “Real Madrid” lider Barselona’dan 16 xal geri düşüb. Atletiko Madrid – Xetafe 2:0 Valensiya – Jirona 2:1 Vilyareal – Deportivo 1:1 Leqanes – Real Sosyedad 1:0 Atletik Bilbao – Alaves 2:0 Sevilya – Betis 3:5 Las Palmas – Eybar 1:2 Barselona – Levante 3:0 Selta – Real Madrid 2:2 Malaqa – Espanyol (bu gün keçiriləcək).

Frame.az

PƏRVİN BAYRAMOV

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!