“Jara-2019”da 200-dən çox müğənni çıxış edəcək
Builki “Jara” festivalının hazırlıq işlərinə də həmişəki kimi təxminən bir il vaxt sərf olundu. Builki festival çərçivəsində maraqlı ifalarla yanaşı, duetlər və yalnız ifaçıların iştirakı ilə “Jara-2018”haqqında çəkilmiş filmə baxış olacaq.
Frame.az xəbər verir ki, bu sözləri Azərbaycanın Xalq artisti, “Jara” Beynəlxalq Musiqi Festivalının təşkilatçılarından biri Emin Ağalarov mətbuat konfransında səsləndirib. Qeyd edib ki, bu il festivalda dörd gün ərzində 200-dən çox ifaçı çıxış edəcək. İyulun 26-da ötən il çəkilmiş “Odnajdı na Jare” filminin ulduzlar üçün təqdimatı olacaq. Bu ekran əsərində festivalın iştirakçıları rol alıb.
“Jara-2019” festivalının açılışı münasibətilə təşkil edilən mətbuat konfransında, həmçinin festivalın digər təşkilatçıları – Rusiyanın Əməkdar artisti Qriqori Leps, Olqa Buzova, Yana Çurikova, dünya şöhrətli ifaçılar Filipp Kirkorov, Ani Lopak, Sergey Kojevnikov və Zivert jurnalistlərin suallarını cavablandırıblar.
“Dörd gün ərzində əsl musiqi bayramı olacaq. Mən çox festivalda iştirak etmişəm, “Jara” Beynəlxalq Musiqi Festivalı çox yüksək səviyyədə təşkilatçılığı ilə digərlərindən seçilir”, – deyə Filipp Kirkorov vurğulayıb.
Mətbuat konfransında Filipp Kirkorovun gələn festival çərçivəsində yaradıcılıq gecəsinin keçirilməsi təklif olundu və müğənni buna razılığını bildirdi.
Qeyd olunub ki, gələn il “Jara” festivalının Dubayda ikinci dəfə, eləcə də Almaniya, Amerika və Belarusda keçirilməsi nəzərdə tutulur.
Gələn il festivalın 5 yaşı münasibətilə həmin gün beynəlxalq gün elan olunacaq. Burada rusiyalı müğənnilərlə yanaşı, Türkiyə, Amerika və digər ölkələri təmsil edən musiqiçilərin iştirakı ilə təqdimatlar keçiriləcək, konsert təşkil olunacaq.