Kamal Abdullanın “Adaşlar” hekayəsi Gürcüstanda çap edilib
Xalq yazıçısı Kamal Abdullanın “Adaşlar” hekayəsi “Ədəbi Gürcüstan” qəzetində çap olunub.
Frame.az xəbər verir ki, qəzet Kamal Abdulla haqqında qısa məlumatı da oxuculara təqdim edib. Məlumatda deyilir ki, Azərbaycanın Xalq yazıçısı, elm və mədəniyyət xadimi Kamal Abdulla ölkənin ictimai, ədəbi və mədəni məkanında böyük nüfuza malikdir: “Kamal Abdulla görkəmli yazıçıdır, Azərbaycanda pyesləri, hekayələri, romanları, esseləri və şeirləri nəşr olunub, əsərləri türk, rus, gürcü, alman, fransız, ingilis, ispan, polyak, portuqal, ukrain, fin, italyan, ərəb, yapon, çernoqor, bolqar, qazax, qırğız və bir çox dillərə tərcümə olunub. Pyesləri Azərbaycan, Gürcüstan, Estoniya teatrlarının səhnəsində tamaşaya qoyulub.
Kamal Abdullanın romanları “Yarımçıq əlyazma” (bir çox mükafatlara layiq görülüb, Umberto Eko əsərə yüksək qiymət verib), “Sehrbazlar dərəsi”, “Tarixsiz gündəlik”, “Unutmağa kimsə yox” və Sirlərin sərgüzəşti” romanları və hekayələri ədəbi aləmin diqqətini çəkib, haqqında saysız-hesabsız məqalələr yazılıb. Kamal Abdullanın ən yaxşı əsərlərindən biri olan “Adaşlar” hekayəsi modern nəsrin gözəl nümunələrindəndir”.
“Adaşlar” gürcü ədəbi ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
Hekayənin tərcüməçisi Tbilisi Dövlət Universitetinin professoru Tamara Şarabidzedir.