“Kaspersky Lab” Daxili Təhlükəsizlik Nazirliyinin qərarından Amerika məhkəməsinə şikayət edəcək
“Kaspersky Lab” ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (Department of Homeland Security – DHS) şirkətin məhsullarının amerikan dpvlət orqanlarında istifadəsinin qadağan olunması ilə bağlı qərarından Amerika məhkəməsinə şikayət edəcək. KİV-də yayılan anonim və təsdiqini tapmamış məlumatlar şirkətin ünvanına çıxarılmış şayiə və böhtanlar əsasında çıxarılmış 17-01 saylı müvafiq qərar həm “Kaspersky Lab”ın nüfuzuna xələl gətirib, həm də şirkətin bu bazardakı biznesinə təsir edib.
Şirkət öz maraqlarını məhkəmədə inzibati qərarların qəbulu ilə bağlı federal qanun çərçivəsində müdafiə etməyə qərar verib. Bu qanun ABŞ-ın federal qurumları tərəfindən müxtəlif inzibati normalar və standartların təklif və təsdiq edilməsi prosedurlarını tənzimləyir. “Kaspersky Lab” şirkəti əmindir ki, 17-01 saylı qanunun qəbulu zamanı nəzərdə tutulmuş prosedurlara əməl edilməyib. Xüsusən də, Daxili Təhlükəsizlik Nazirliyi bu konstitusiyadan kənar hökmündə yoxlanılmamış, subyektiv və qeyri-texniki mənbələrə (KİV-də nəşrlər, şayiələr və əsassız məlumatlara) əsaslanıb. Bundan başqa, qurum şirkətə qanun çərçivəsində öz mövqeyini bildirmək və ünvanına yönəlmiş böhtanları inkar etmək imkanı verməyib. Həmçinin, nazirlik “Kaspersky Lab” tərəfindən hər hansı bir qanun pozuntusunu təsdiqləyən sübutlar təqdim edə bilməyib.
“Kaspersky Lab” bu işdə DHS-lə əməkdaşlığa hazır olduğunu bildirib. Belə ki, şəffaflıq prinsiplərinə sadiqliyinin əlaməti olaraq, texnologiya və xidmətlərin təhlükəsiz və məsuliyyətlə hazırlanması, kibertəhlükələrlə mübarizə məqsədilə hökumət orqanları və İT-təhlükəsizliyi sahəsi ilə səmərəli iş birliyinin təsdiqi olaraq, şirkət iyul ayında nazirliyə istənilən məhsul, fəaliyyəti və şirkətin özü haqqında məlumatları paylaşmağa hazır olduğunu bildirən məktub ünvanlayıb. Daxili Təhlükəsizlik Nazirliyi avqust ayında məktubu aldığını, şirkətin açıq şəkildə əməkdaşlıq niyyətini yüksək qiymətləndirdiyini və dialoqa açıq olduqlarını bildirib. Lakin, DHS-in növbəti addımı şirkətə 13 sentyabr 2017-ci il tarixli qərar barədə məlumat vermək olub.
ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin qərarı “Kaspersky Lab” şirkətinin yalnız İT-təhlükəsizliyi sahəsində nüfuzuna və ABŞ bazarındakı biznesinə xələl gətirməklə yanaşı, şirkətin üzərində qurulduğu fundamental prinsipləri – məqsəd və mənşəyindən asılı olmayaraq kibertəhlükələrə qarşı çıxmaqla müştərilərini qorumaq – sual altında qoyur. “Kaspersky Lab” məhkəməyə bu müraciəti ilə ABŞ konstitusiyası və qüvvədə olan federal qanunvericilik çərçivəsində lazımi inzibati prosedurlara əməl olunması haqqının bərpa olunacağına və eyni zamanda, şirkətin kommersiya fəaliyyətinə, onun ABŞ-da fəaliyyət göstərən işçilərinə və amerikalı biznes tərəfdaşlarına dəyən zərərin kompensasiya ediləcəyinə ümidlidir.
“Şirkətimin üzərinə atılan böhtanları təkzib etmək üçün ədalətli şərait yaradılmadı. Eyni zamanda, biz DHS-nin bu fəaliyyətinə haqq qazandıracaq heç bir texniki sübut görməmişik, buna görə də indiki vəziyyətdə şirkətin nüfuzunu və maraqlarını qorumalıyıq. DHS-nin qərarından asılı olmayaraq, biz əhəmiyyətli hesab etdiyimiz işlə məşğul olmağa davam edəcəyik”, – deyə “Kaspersky Lab” şirkətinin baş direktoru Yevgeni Kasperski bildirib.
İnformasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq və güvən ən mühüm amillərdəndir. “Kaspersky Lab” şirkətinin 20 illik fəaliyyəti boyunca biznesin şəffaf aparılması və informasiya açıqlığı prinsiplərinə sadiqliyini qoruyub. Ancaq şirkət heç vaxt müştəri və tərəfdaşlarının güvənini özlüyündə var olan bir şey kimi qəbul etməyib. Belə ki, 2017-ci ilin oktyabr ayında “Kaspersky Lab” informasiya açıqlığı proqramını elan edib–“Global Transparency Initiative” (“Qlobal Şəffaflıq Təşəbbüsü”). Bu təşəbbüs çərçivəsində “Kaspersky Lab” müstəqil ekspertlərə öz məhsullarının təhlili üçün mənbə kodunu təqdim edəcək, həll və proseslərin bütövlüyünü yoxlamaq üçün kənardan ekspertlər cəlb edəcək, Asiya, Avropa və ABŞ-da üç şəffaflıq mərkəzi (“Transparency Center”) yaradacaq, eyni zamanda, öz proqram həllərində ciddi boşluqlar aşkar edənlərə “bug bounty” proqramı üzrə mükafatı 100000 ABŞ dollarınadək artıracaq.
Frame.az