Kaspersky və G-Core Labs müştərək proqrama başlayır
Kaspersky-nin innovasiya mərkəzi və bulud və kənar həllər (edge solutions) provayderi G-Core Labs, oyun dünyasını dəyişdirmək və onun təhlükəsizliyini artırmaq potensialına sahib startupları tapmaq və dəstəkləmək üçün ortaq bir proqram başladır.
Şirkətdən Frame.az -a verilən məlumata görə, oyun sənayesi ən sürətlə inkişaf edən sahələrdən biridir. Analitiklərin fikrincə, 2023-cü ilə qədər dünyada geymerlərin (video oyun həvəskarı) sayı üç milyardı keçəcək. Bu sahənin populyarlığı həll yaradıcıları üçün böyük perspektivlər açır: nəhəng auditoriyanın tələblərinə cavab verən daha çox layihə ortaya çıxır.
Proqram çərçivəsində seçilmiş ən perspektivli startaplar üçün Kaspersky həm texniki və mentorluq dəstəyi, həm də öz tərəfdaş kanallarına (distribyutor və satıcılar da daxil olmaqla), müştərilərinə və layihələrinə giriş imkanı verəcək; G-Core Labs öz bulud infrastrukturuna çıxış təmin edəcək və iki il ərzində şirkətin bulud xidmətlərinə xərclənə bilənəcək 25 min avro civarında qrant ayıracaq.
“G-Core Labs ilə səylərimizi birləşdirməkdən və oyun texnologiyasını inkişaf etdirməyə can atan yaradıcıları dəstəkləməkdən məmnunuq. Bu ortaqlıq ideyanın dəyərinə inanmağa, onu inkişaf etdirməyə və miqyasını genişləndirməyə kömək edəcək startupların dəstəklənməsi istiqamətində mühüm bir addımdır,” deyə Kaspersky-nin innovasiya mərkəzinin rəhbəri Vitaliy Mzokov bildirib.
“Geymer layihələri uzun müddətdir xidmətlərimizdən istifadə edir. Ən mürəkkəb problemlərin öhdəsindən gəlmək üçün qlobal bulud infrastrukturumuzu beş qitənin yüzdən çox nöqtəsində qurmuşuq. Əminəm ki, Kaspersky ilə tərəfdaşlığımız oyun sənayesinin inkişafında müsbət rol oynayacaq,” G-Core Labs-in bulud platformaları şöbəsinin rəhbəri Vsevolod Vayner deyib.
Kaspersky-nin innovasiya mərkəzi ilə G-Core Labs arasında əməkdaşlıq 2020-ci ilin yazında, Open Innovtion Program təşəbbüsü çərçivəsində, informasiya təhlükəsizliyi və kompüter oyunlarını eyni anda nəzərə alan həllər yaradan startapların seçimi zamanı başladı. G-Core Labs bu təşəbbüsü dəstəklədi və xidmətlərini qaliblərə pulsuz təqdim etdi.
Kaspersky və G-Core Labs-ın yeni ortaq proqramında iştirak etmək üçün müraciəti buradan edə bilərsiniz: https://www.kaspersky.com/ihub/gaming-partnership/.
Qeyd edək ki, Kaspersky-nin innovasiya mərkəzinin (Kaspersky iHub) əsas missiyası informasiya təhlükəsizliyi sahəsindəki startapları inkişaf etdirməkdir. Onun dəstəyilə blokçeyn texnologiyasına əsaslanan Polys onlayn səsvermə platforması və mülki pilotsuz uçan aparatlardan qorunmaq üçün Kaspersky Antidrone sistemi kimi layihələr Rusiya və dünya bazarına çıxıb. Daha çox məlumatı buradan əldə edə bilərsiniz: https://www.kaspersky.ru/ihub/
Xatırladaq ki, G-Core Labs media biznesi və əyləncə sənayesi üçün güclü bulud və kənar həllərin (edge solutions) qlobal provayderidir. 2013-cü ildə eyni vaxtda bir MOG serverində olan oyunçuların sayına görə (190,541 nəfər) şirkətin infrastrukturu Ginness rekordu qırıb. Daha çox məlumatı buradan əldə edə bilərsiniz: https://gcorelabs.com/ru/