Azərbaycan İlahiyyat İnstitutunun müəllimi beynəlxalq konfransda çıxış edib
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) Dillər və ictimai fənlər kafedrasının müəllimi, AMEA Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri,dosent Məmmədəli Babaşlı Rusiya Federasiyası Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Dağıstan Humanitar İnstitutu və Sankt-Peterburq Universiteti tərəfindən “XXI əsr problemləri kontekstində müsəlman ilahiyyatçılarının mənəvi irsi” mövzusunda təşkil edilən Beynəlxalq Elmi-Tədris Konfransında iştirak edib.
İslam tarixi və mədəniyyətini dərindən bilən mütəxəssislərin hazırlanması məqsədilə həyata keçirilən federal proqram çərçivəsində təşkil edilən konfransda müsəlman ilahiyyatçılarının zəngin mənəvi irsinin tədqiqi, təbliği və tərcüməsi məsələləri ilə yanaşı, qloballaşan dünyanın çağırışlarına cavab vermək məqsədiləhəmin irsdən bəhrələnməkimkanları geniş müzakirə olunub. İki gün davam edən konfransda Moskva şəhərinin, Tatarıstan, Başqırdıstan,Udmurtiya və Şimali Qafqaz respublikalarının, Novosibirsk, Voloqda, Volqoqrad vilayətlərininmüxtəlif elm-təhsil müəssisələrini, həmçinin Azərbaycan, Misir, İordaniya və Yəmən kimi xarici ölkələri təmsil edən nüfuzlu alim və mütəxəssislər iştirak ediblər.
Eyni vaxtda müxtəlif salonlarda davam edən üç bölmədə 65 məruzə dinlənilib və maraqlı müzakirələr aparılıb. Konfransın “Mənəvi irs və KİV: tarix və müasirlik” başlıqlı bölməsində iştirak edən dosent Məmmədəli Babaşlı “Müasir Azərbaycan ailəsinin mənəvi-əxlaqi inkişafında KİV-in rolu”mövzusunda məruzə ilə çıxış edib.
Dosent M.Babaşlı çıxışında Azərbaycan xalqının tarixən ailəyə və nikaha verdiyi önəm, böyüklərə hörmət, kiçiklərə sevgi prinsipi üzərində qurulmuş, baba-nənə, valideyn və uşaqları əhatə edən üç nəslin nümayəndələrinin birlikdə yaşama təcrübəsindən bəhs edib. Həmçinin Azərbaycan Dövlətinin ailə, qadın və uşaq məsələlərinə verdiyi önəm, aidiyyəti qurumların gördüyü işlər haqqında iştirakçılara məlumat verib. Kütləvi informasiya vasitələrinin insanlığın sonuncu qalası olan ailə dəyərlərinin qorunması sahəsində mövcud vəziyyət və görülməsi vacib olan işlər barədə fikirlərini bölüşüb.
Konfransın ikinci günü millətlər və dinlərarası münasibətlər sahəsində ekspertlərin təqdimatları və konfrans iştirakçılarının maraqlı müzakirələri ilə yadda qalan tədbir “İslam mədəniyyətinin incisi Dərbənd” mövzusunda keçirilmiş “dəyirmi masa” ilə başa çatıb.