Mariana Vasileva: Bu il Azərbaycan Gimnastika Federasiyası 5 mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi edib

Bu il Azərbaycan Gimnastika Federasiyası (AGF) 5 mötəbər yarışa yüksək səviyyədə ev sahibliyi edib. Sevindirici haldır ki, bu yarışların hər birində uğurlu nəticələr əldə olunub.

Frame.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, bu sözləri AGF-in İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

Qazanılan bir sıra nəticələrin tarixi nailiyyətlər kimi yaddaşlara həkk olunduğunu bildirən M.Vasileva deyib: “İlin ilk beynəlxalq yarışı olan batut gimnastikası üzrə dünya kuboku yarışında Azərbaycanda doğulub-böyüyən Selcan Mahsudova gümüş medala sahib olub. Bu, ölkəmizdə batut gimnastikasının inkişafından xəbər verir. Daha sonra akrobatlarımız uğurlu çıxışları ilə bizi sevindiriblər. Dünya yaş qrupları yarışlarındakı təmsilçilərimiz isə Azərbaycan himnini səsləndiriblər. Daha sonra isə bədii gimnastlarımız parlaq nəticəyə imza atıblar. İdmançılarımız, həmçinin ölkəmizin hüdudlarından kənarda keçirilən yarışlarda da yüksək nailiyyətlər qazanmağa müvəffəq olublar”.

M.Vasileva bildirib ki, İsrailin Təl-Əviv şəhərində keçirilən Avropa çempionatı bədii gimnastlarımız üçün ilin ilk ciddi sınağı hesab olunurdu. Qitə çempionatında gənclərimiz fərdi və komanda yarışında, böyük gimnastlarımız isə fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayıblar. Hər iki yaş qrupunda təmsilçilərimiz finala yüksəlməyi bacarıblar. Tarixdə ilk dəfə fərdi növdə çoxnövçülük üzrə azərbaycanlı gimnastlar qitə çempionatının ilk onluğuna düşməyi bacarıblar. Qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri uğurla çıxış edərək 3 bürünc medal əldə ediblər. Əlbəttə ki, bu, yüksək nəticədir. Əldə olunan nəticə gimnastlarımızın gələcəkdə daha yüksək nailiyyətlər qazanmaları üçün böyük təkan olacaq.

 

Bir cavab yazın

error: Mətndən istifadə etmək qadağandır!
%d bloggers like this: