IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Masallı regional “ASAN xidmət” mərkəzi fəaliyyətinin 4-cü ilində

Masallı “ASAN Həyat” kompleksinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı il sentyabrın 3-də keçirilib. Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, Kinoklub, İncəsənət mərkəzi, ASAN Kafe fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Frame.az-a bildirilib ki, Masallı regional “ASAN xidmət” mərkəzi 2016-cı il sentyabrın 20-də fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 871 min 986 dan çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir. Fəaliyyət dövrü ərzində vətəndaşlara səyyar formada da xidmət göstərilib. Səyyar xidmətlərdən bu bölgədə 152 mindən çox vətəndaş yararlanıb.

Masallı “ABAD” mərkəzi tərəfindən regionda qida məhsulları sahəsində çalışan “ABAD”çılara onların rəqabətədayanıqlı istehsala yönləndirilməsi üçün müasir standartlara cavab verən istehsal avadanlıqları ilə təchiz olunmuş monoblok – konteynerlər təqdim edilib.

Bu günə qədər Masallıda 8 ailəyə istehsal konteynerləri verilib. Konteynerlərdə bu məhsullar istehsal edilir: pendir, sosiska, kolbasa, tərəvəz konservləri, tərəvəz turşuları, mürəbbə, cem (3 ədəd konteyner).

Arıçılıqla məşğul olan 3 ailənin bal məhsulunun brenləşdirilməsi və qablaşdırılması “ABAD” tərəfindən həyata keçirilir. Təqdim edilmiş bu istehsal sahələri üzrə məhsulların hər biri “ABAD” satış mərkəzlərində və “BRAVO” şəbəkələrində öz yerlərini alıb.

Bundan əlavə “ABAD” Masallıda dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fərdi istehsal ilə məşğul olan 10 vətəndaşın əl işinin etnobutiklərində həm yerli əhali, həm də əcnəbi turistlərə satışını təmin edir. Bu sahələrə həsirçilik, dulusçuluq, taxta oymaçılıq, toxuculuq, keramika və misgərlik kimi sənətkarlıq sahələri daxildir.

2018-ci ildən etibarən “ABAD” Masallı “ASAN Həyat” Kompleksinin daxilində ödənişsiz xalçaçılıq kursları təşkil edir. Burada həm xalçaçılıq dərsləri keçirilir, həm də bu sənətə yiyələnən əsasən evdar xanımların toxuduqları xalçaların satışı təşkil edilir. Eyni zamanda, ötən ildən etibarən kompleksin ərazisində “ABAD”ın etnobutiki də fəaliyyətə başlayıb. Burada “ABAD”çıların əl işləri və bəzi qida məhsulları təqdim olunur.

Hazırda Səyyar “ASAN xidmət” həmin bölgədə – Cəlilabad rayonunda fəaliyyətini davam etdirir. Ümumiyyətlə, Səyyar “ASAN xidmət” sentyabrın 21-dən oktyabrın 1-dək Neftçala və Samuxda, sentyabrın 21-dən oktyabrın 2-dək Maştağa, Mehdiabad və Şəmkirin Dəllər qəsəbələrində, həmçinin Şabran, Cəlilabad, Yevlax, İsmayıllı, Zaqatala, Füzulidə vətəndaşlara səyyar formada xidmət göstərir.

Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!