Covid-19SağlamlıqTəqdimat

Mayın 10-dan Azərbaycanda 18 yaşına çatmış vətəndaşların vaksinasiyası başlanır

Vaksinlər müxtəlif cür hazırlanır. Azərbaycanda koronavirusa qarşı ilk tətbiq olunan Çinin “Sinovac” şirkətinin vaksinidir. Bu, inaktivləşdirilmiş vaksindir. Artıq ölkəmizə “Vaxzevria” və “Sputnik V” vaksinləri də gətirilib və onların da tətbiqinə başlanılır. Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsizdir və səmərəlidir.

İndiyədək 600 min nəfərə yaxın vətəndaş ikinci dozanı qəbul edib. İki doza vurulanlar arasında yoluxma sayı çox aşağı səviyyədədir. Yoluxanlar isə xəstəliyi ağır formada keçirməkdən tam qorunurlar.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səhiyyə nazirinin birinci müavini Teymur Musayev deyib.

“Bu məlumatlar mayın 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış vətəndaşların vaksinasiya kampaniyasında iştirak etməsinə əsas verir. Bu, böyük bir imkandır və bu imkan peyvəndlərin kifayət qədər olmasına əsaslanır. Digər bir məsələ ondan ibarətdir ki, könüllük prinsipi qorunaraq və eyni zamanda, vətəndaşlıq məsuliyyəti hiss edərək dünyanın qabaqcıl ölkələrində olduğu kimi bu prosesə kütləvi surətdə qoşulmaqla qısa müddətdə normal həyata qayıtmaq imkanı var. Bu imkanı əldən vermək olmaz və Səhiyyə Nazirliyinin rəsmisi kimi 18 yaşı tamam olan hər bir vətəndaşı həmin kampaniyaya qoşulmağa çağırıram. Nəinki öz sağlamlığı və həyatı, həm də doğmalarının, əzizlərinin həyatını düşünərək bu mühüm kampaniyaya qoşulmaqla ölkəmizin, cəmiyyətimizin normal həyata dönüşünü təmin etmək olar”,- deyə T.Musayev bildirib.

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!