Mayın 19-da bəzi bölgələrdə 35° isti olacaq
Azərbaycanda mayın 19-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Frame.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, saniyədə 8-13 metrədək güclənəcək, gündüz mülayim cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18°, gündüz 25-29° isti, Bakıda gecə 16-18°, gündüz 26-28° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 757 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
Mayın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 15-20°, gündüz 30-35° isti, dağlarda gecə 7-12°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, mayın 19-da gündüz Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.