Beynəlxalq Muğam Mərkəzində “Muğam- 2019” Televiziya Müsabiqəsinin altıncı həftəsi başa çatdı
Aprelin 16-da və 18-də Beynəlxalq Muğam Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin iştirakı ilə keçirilən “Muğam – 2019” VII Televiziya Muğam Müsabiqəsinin altıncı turu tamamlandı.
Bütün zamanlarda təravətini qoruyub saxlayan və dünya miqyasında şöhrət tapan Azərbaycan muğamı yeni inkişaf dövrünü yaşayır.
Ustad sənətkarlarla yanaşı, yeni ifaçılar nəsli də öz sözünü deyir. İndi onların da sədası böyük səhnələrdən gəlir və gənclərimiz Azərbaycanın musiqi mədəniyyətini həm yurdumuzda, həm də xarici ölkələrdə layiqincə təmsil edirlər.
İlk dəfə 2005-ci ildə keçirilmiş həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda rəğbətlə qarşılanan Muğam Televiziya Müsabiqələrinin laureatları arasında elə xanəndələr var ki, indi onlar özləri muğam sənətini tədris edir, biliklərini və sənət vərdişlərini yeni nəslə ötürürlər.
Müsabiqənin münsifləri xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Səkinə İsmayılova, Mənsum İbrahimov, Mələkxanım Əyyubova, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Yazıçılar Birliyinin katibi, Muğam Televiziya Müsabiqəsi layihəsinin icraçısı İlqar Fəhmidir. Altıncı turun mövzusu xalq şairi Süleyman Rüstəmin qəzəlləri idi.
Müsabiqə proqramları başlamazdan əvvəl görkəmli sənətkarlar Sabir Mirzəyevin və Eynulla Cəbrayılovun ifasında Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan lent yazıları dinlənilmişdi.
Müsabiqə iştirakçılarını müşayiət edirdilər: tarda Rəşad İbrahimov və Rüstəm Müslümov, kamançada Təbriz Yusubov və Elnur Salahov, balabanda Adil Müslümov, nağarada Səyavuş Kərimov, qanunda Aysu Sadıqova, udda İdris Hüseynov.
Altıncı turun nəticələrinə görə – Xəyal Hüseynov, Hüseyn Səba, Zülfiyyə Cəbrayılzadə, Faiq Əkbərov, Vəliş Mirzəyev, Nəcibə Məmmədova, Suma Tapdıqova, Murad Rüstəmzadə və İlahə Rüstəmova – 63 bal; Qələm Qocamanova, Tariyel Vəliyev, Türkanə Nəcəfova və Rəvan Qoçayev – 62 bal, Mehin Qarayeva – 61 bal və Zibər Zamanova – 58 bal topladılar.
Müsabiqənin şərtlərinə görə ən az bal toplayan iştirakçı Zibər Zamanova yarışmanı tərk etdi. Beləliklə, yarışmanı 14 iştirakçı davam edir.
Müsabiqənin yeddinci turu aprel ayının 23-də və 25-də ölkəmizin regionlarında keçiriləcək.
Frame.az