Musiqili Teatrda “Qırmızı papağ”ın premyerası olacaq
Teatr həmişə bayramdır, premyeralar isə bu əhvali-ruhiyyəni daha da artırır. Məhz belə bir ikiqat bayram ovqatı mayın 15-də və 25-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yaşanacaq. Həmin günlərdə böyük Rus dramaturqu Yevgeni Şvartsın pyesi əsasında, musiqisi görkəmli bəstəkar, Xalq artisti Emin Sabitoğluya məxsus olan “Qırmızı papaq” musiqili nağıl-tamaşanın premyerası olacaq.
Rusdilli balaca teatr həvəskarları üçün nəzərdə tutulan tamaşanın quruluşçu və bərpaçı rejissoru teatrın qocaman aktyoru – Əməkdar artist Boris Qrafkindir.
Rəngarəng səhnə dekorasiyaları, işıq effektləri ilə yanaşı, orkestrin canlı ifası ilə müşayiət olunan peşəkar aktyorların oyunları, balet artistlərinin şən və dinamik rəqsləri tamaşanı daha da baxımlı edir.
Bir-birindən maraqlı nağıl qəhrəmanlarını teatrın sevimli aktyorları – Əməkdar artistlər Boris Qrafkin, Svetlana Bulax, aktyorlar – Firus Məmmədov, Nadejda Povelitsina, Emil Heydərov, Rauf Babayev, Telnaz Hüseynova, Yuliya Heydərova, Mehriban Zaliyeva, Eleonora Mehdiyeva, Eleonora Mustafayeva, Valeriya İsgəndərzadə və Nərmin Əliyeva canlandıracaqlar. Əsərin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevalar, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov rejissor assistenti Sevinc Məmmədovadır.
Akademik Musiqili Teatr övladları ilə birlikdə xoş ovqatla və yaddaqalan vaxt keçirmək istəyənləri bu gözəl teatr bayramına dəvət edir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də, “iticket.az” saytından əldə etmək olar.
Frame.az