“Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda tədbir keçirilib
Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondu 20 noyabr 2018-ci il tarixdə birgə konfrans keçirib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov konfrans iştirakçılarını salamlayaraq bildirib ki, dünyanın aparıcı sosioloji mərkəzlərində ortaq din, dil və mədəniyyət dedikdə, ilk növbədə, tolerantlıq ənənəsi başa düşülür. Mehman İsmayılov Fondun yaradılması, fəaliyyəti, gördüyü işlər və keçirdiyi tədbirlər haqqında məlumat verərək bildirib ki, qurumun başlıca fəaliyyəti əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli-mənəvi dəyərlərin təbliği siyasətinin davam etdirilməsidir. İcraçı direktor Prezident cənab İlham Əliyevin bu siyasətin inkişaf etdirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb. O, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini maarifləndirmə sahəsində Fond tərəfindən keçirilməsi planlaşdırılan layihələr haqqında da danışaraq qeyd edib ki, Azərbaycanda İslama baxış tərzi bir çox müsəlman ölkələrindən fərqlənir. O bildirib ki, istər keçmişdən bu günümüzə qədər İslamın mövqeyini və əxlaqi məfkurəsini bəyan etmək baxımından, istərsə də onu təbliğ etmək məsələlərində müəyyən amillər mütləq nəzərə alınmalıdır.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov “Azərbaycanda dini təhsil: reallıqlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Rektor bildirib ki, SSRİ-nin həyata keçirdiyi siyasət nəticəsində dini tədris ocaqlarının fəaliyyəti dayandırılmışdı. Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra,Ümummilli Lider Heydər Əliyevin dini sahəyə diqqəti nəticəsində ölkəmizdə yeni məscidlər, sinaqoqlar və kilsələr tikilib istifadəyə verildi. Bu siyasətin Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edən rektor Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasınıbu qayğının bariz nümunəsiadlandırıb.
Rektor, həmçinin qeyd edib ki, İslam mədəniyyətinə töhfə verən alimlərin bir çoxları bu bölgədə yetişib: “Bu bölgə İslam mədəniyyətinə, İslam tarixinə bir çox tarixi şəxsiyyətlər bəxş edib”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev “Dini təhsilin mahiyyəti” mövzunda məruzəsi ilə fikirlərini bölüşüb. F.Nurullayev vurğulayıb ki, Azərbaycanda dini radikalizm meyillərinin qarşısının alınması, insanların dini cəhətdən düzgün maarifləndirilməsi üçün orta və ali məktəblərdə mütləq dini dərslər tədris edilməlidir. Onun fikrincə, əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycanda problemlərin əksəriyyəti gənclərin İslam dinini düzgün anlamaması, yalançı təbliğat səbəbindən yaranır. F.Nurullayev qeyd edib ki, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, dini sahədə də uğurlu siyasət həyata keçirilir. Bu istiqamətdə Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın əvəzsiz və məqsədyönlü fəaliyyətləri mövcuddur. Gəncləri dini ekstremist qüvvələrin təsirindən uzaqlaşdırmaq üçün Azərbaycanda dini təhsil sahəsində ciddi tədbirlər həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov “Dini təhsildə dini ədəbiyyatın rolu” mövzusunda çıxış edərkən bildirib ki, dini ədəbiyyatlar yazılarkən günümüzdə aktual olan mövzulara, tolerantlıq və məzhəblərarası vəhdətin qorunmasına, humanizm prinsiplərinin təbliğinə xüsusi diqqət yetirilməlidir. O bildirib ki, dinşünaslıq ekspertizasına təqdim edilən ədəbiyyatlarda insanpərvərlik prinsiplərinə zidd dini cərəyanların təbliğinə, dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlərə yer olmamalıdır.
“Məşədi Dadaş” məscidinin imamı Şahin Həsənli “Dini təhsilin keyfiyyət məsələsi” mövzusunda məruzəsində qeyd edib ki, Azərbaycanda multikultural dəyərlərin mövcud olduğutolerantlıq mühiti formalaşıb. O bildirib ki, dinin cəmiyyət və dövlətqurucu funksiyaya malik olduğunu nəzərə alaraq, gənclərimizə düzgün dini təhsilin verilməsi vacibdir.
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov “Dünya təcrübəsində müxtəlif din təhsil modelləri” mövzusunda çıxışında dünya təcrübəsində dini təhsilin nümunələrindən söhbət açıb. O bildirib ki, radikalizmlə bağlı cəmiyyətdə baş verən son hadisələr dinin ayrı bir fənn kimi tədrisinin gərəkli olduğu qənaətini getdikcə gücləndirir.
Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.
Frame.az