Mobil dünyaTəqdimat

“Nar” cari ilin nəticələrini açıqladı

BakuTel-2017 23-cü beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgisi çərçivəsində mətbuatla görüş təşkil edən “Nar” media nümayəndələrini mobil operatorun ən son nailiyyətləri ilə tanış edib.

Çoxsaylı jurnalistlərin iştirakı ilə keçirilən təqdimatda “Nar” şəbəkəsinin, işğaldan azad edilmiş bölgələr də daxil olmaqla, ölkə ərazisinin 93%-ni əhatə etdiyi, 2017-ci ildə ilk dəfə olaraq bölgələrdə – Gəncə şəhərində də istifadəyə verilmiş yeni 4G (LTE) baza stansiyaları ilə birlikdə 400-dən çox LTE stansiyasının quraşdırıldığı və “Nar” LTE baza stansiyalarının ümumi sayının artıq 1000-ə çatdığı, cari ildə 300-dən çox yeni 3G baza stansiyasının istismara verildiyi, 3G ATM (Asynchronous Transfer Mode) transmissiya xətlərinin müasir tələblərə cavab verən IP (Internet Protocol) texnologiyalı xətlərlə əvəz edildiyi və “Son məntəqələr arasındakı tutum” (Last Mile Capacity) üzrə 66% artımın müşahidə edildiyi barədə geniş məlumat verilib.

Görüş zamanı səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidməti təqdim edilib. Bu texnologiya səsin maksimal dərəcədə təmiz ötürülməsini təmin edir, mobil telefonla danışan şəxsdə üzbəüz ünsiyyət təəssüratı yaradır və kənar səslərin təsirini minimuma endirir.

Qeyd edilib ki, mühəndislik və test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət kimi tanınan “P3 Communications” tərəfindən keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən, “Nar”-ın zəng xidmətləri üzrə ölkədə ən yüksək nəticə göstərmiş rabitə operatoru olduğu müəyyən edilib.

“Təqdim etdiyimiz sərfəli məhsullar və şəbəkə infrastrukturuna yatırdığımız irihəcmli sərmayə sayəsində, bu il şəbəkənin müstəqil sınaqlarının nəticələrinə əsasən, “Nar” mobil zəng xidmətləri üzrə ölkədə ən yüksək göstəriciyə nail oldu. Şəbəkədə data trafikinin həcmi 58%, internet məmnuniyyəti üzrə istehlakçı loyallığı indeksi isə iki dəfə artaraq bu günə qədər olan ən yüksək həddə çatdı“, – deyə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke mobil operatorun əsas uğurları barədə danışarkən qeyd edib.

Təqdimat zamanı ölkədə mobil rabitə, fiber-optik texnologiya əsasında yüksəksürətli sabit internet və IPTV xidmətlərini vahid platforma üzərindən təklif etmiş ilk mobil operator olan “Nar”-ın “Qutu” məhsulu haqqında da məlumat verildi. Bu məhsuldan yararlanan abunəçilər rabitə xərclərinə qənaət edir, ödəniş üçün əlavə vaxt itirmədən müxtəlif xidmətlərdən yararlanırlar.

Görüşdə “Nar”-ın sponsorluq fəaliyyəti və korporativ sosial məsuliyyət (KSM) strategiyasından da söhbət açıldı. Ölkədə keçirilən mühüm idman layihələrinin tərəfdaşı kimi böyük təcrübə qazanmış “Nar”-ın 2015-ci ildə Bakıda təşkil edilmiş ilk Avropa Oyunları, Bakı-2017 Oyunları və qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin rəsmi telekommunikasiya tərəfdaşı seçildiyi qeyd edilib.

KSM strategiyası çərçivəsində fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası üçün nəzərdə tutulmuş “Təlim məktəbi” layihəsinin önəmi də vurğulandı. Artıq 3 ildən çoxdur ki, “Nar” fiziki məhdudiyyətli Azərbaycan vətəndaşlarının cəmiyyətə inteqrasiyası istiqamətində müxtəlif addımlar atır. Layihənin məqsədi fiziki məhdudiyyətli gənclərin bilik və bacarıqlarını artırmaq, onların gələcək karyeralarına töhfə vermək və fiziki məhdudiyyətli şəxslərə mənəvi dəstək göstərməklə onları cəmiyyətə qazandırmaqdır.

Frame.az

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!