IqtisadiyyatTəqdimatƏn SonƏn Son

Naxçıvan teleradiosunun 92, “Nuhçıxan” İnformasiya Agentliyinin isə 6 yaşı qeyd olunub

Aprelin 1-də “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasının 92 və muxtar respublikanın ilk informasiya agentliyi olan “Nuhçıxan” İnformasiya Agentliyinin fəaliyyətə başlamasının 6-cı ili qeyd edilib.

Bu münasibətlə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kollektivlə görüşüb. Əvvəlcə səlahiyyətli nümayəndə “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və “Nuhçıxan” İnformasiya Agentliyində yaradılan şəraitlə tanış olub.

Fuad Nəcəfli kollektivi təbrik edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn tədbirlərin, eləcə də muxtar respublikanın 100 illiyinin qeyd edilməsinin olduqca əhəmiyyətli olduğunu vurğulayıb.

Səlahiyyətli nümayəndə bununla bağlı informasiyaların geniş auditoriyaya yayılmasının vacibliyini bildirib. O, informasiya rəqabəti mühitində Naxçıvan mediasının daim təkmilləşməsinin, gəncləşməsinin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. Həmçinin Fuad Nəcəfli diqqətə çatdırıb ki, bu il Naxçıvan teleradiosunun yeni binasının tikintisi layihələndiriləcək və 2025-ci ildə tikinti işlərinə başlanılacaq, maddi-texniki bazasının təkmilləşdirilməsi daim diqqətdə saxlanılacaq. Televiziyanın peyk yayımını həyata keçirmək isə gələcəkdə Naxçıvanın qlobal media mühitinə çıxışını təmin edəcək.

“Qürurvericidir ki, muxtar respublikada Naxçıvan teleradiosu, eləcə də 100 ildən artıq tarixi özündə qoruyub saxlayan “Şərq qapısı” qəzeti kimi media orqanları fəaliyyət göstərir”, – deyən Fuad Nəcəfli kollektivə fəaliyyətlərində uğurlar arzulayıb.

“Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Sahil Tahirli Naxçıvan teleradiosunun və “Nuhçıxan” İnformasiya Agentliyinin yaranmasından, televiziyanın muxtar respublikanın ictimai-siyasi həyatında baş verən hadisələrin işıqlandırılmasındakı rolundan, 1990-1993-cü illərdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan dövrü fəaliyyətinin salnaməsinə çevrilməsindən danışıb.

Vurğulanıb ki, səlahiyyətli nümayəndəliyin fəaliyyəti dövründə cəmiyyətin büdcəsi artırılıb, qonorar sistemi bərpa edilib, 20-dən artıq yeni ştat vahidi yaradılıb, teleradionun efir vaxtı 17 saata çatdırılıb, Bakı bürosu fəaliyyətə başlayıb, müasir yayım və çəkiliş avadanlıqları alınıb. Ulu Öndər Heydər Əliyevin və Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə silsilə filmlər hazırlanıb. Sahil Tahirli göstərilən diqqətə və dəstəyə görə kollektiv adından minnətdarlıq edib.

Sonra kollektivlə xatirə fotosu çəkdirilib, görüş çay süfrəsi arxasında davam edib.

 

Leave a Reply

error: Mətndən istifadə etmək qadağandır!